BAKI, 14 avqust — Sputnik. Prezident İlham Əliyev Füzuli rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.