BAKI, 14 avqust — Sputnik. Qazaxıstanın Mangistau rayonunda 4 nəfər Azərbaycan vətəndaşı nərə balığı ovlamağa görə mühakimə edilib. Sputnik Azərbaycan Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, məhkəmənin qərarına görə, Azərbaycan vətəndaşları Xəzər dənizinin Qazaxıstan ərazi sularında qeyri-qanuni yolla 2010 kiloqram balıq ovlayıb.
Saxlanılan şəxslərin dördü də günahkar hesab edilib və 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan sonra onlar 5 il müddətində deportasiya ediləcək. Bu barədə Karakiyan rayon Məhkəməsinin sözçüsü məlumat verib.
Azərbaycan vətəndaşları "balıq məhsullarının, digər su heyvanları və bitkilərinin qanunsuz əldə edilməsi" və "Qazaxıstan Respublikasının sərhəddini qanunsuz şəkildə keçmə" maddələri ilə ittiham edilib.
Bununla yanaşı məhkəmə dövlətə dəymiş zərərə görə onları cərimə edib.
Qeyd olunur ki, azərbaycanlı brakonyerləri Xəzərdə sərhədçilər saxlayıb.