Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 13 avqust — Sputnik. "Hazırda Türkiyədə baş verən proseslər yalnız iqtisadi proseslər deyil. Bunun arxasında ciddi siyasi, geosiyasi proseslər dayanır. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edib. XX əsrin 90-cı illərindən başlayaraq Türkiyənin həm idxal-ixracı, həm də qiymətli kağızlar bazarı ciddi şəkildə dünya bazarına inteqrasiya edib".
Bunu iqtisadçı-ekspert Azər Mehtiyev Sputnik Azərbaycan-a açıqlamasında türk lirəsinin ucuzlaşmasından danışarkən deyib.
Onun sözlərinə görə, 21-ci əsrin əvvəllərində Türkiyəni dünya iqtisadiyyatının əsas inkişaf nöqtələrindən biri kimi də xarakterizə etmək olar: "Türkiyə iqtisadiyyatı maliyyə resurslarının axını baxımdan kifayət qədər cəlbedici olub. İndi isə Türkiyə ilə ABŞ arasında olan münasibətlər səbəbindən ABŞ-ın tətbiq etdiyi addımlar Türkiyə iqtisadiyyatına ciddi problemlər yaradır. Bu, həm də Türkiyənin mövcud tədiyyə balansının durumundan və s. amillərdən qaynaqlanır".
Ekspertin fikrincə, məsələ Türkiyə hökumətinin həyata keçirəcəyi siyasətdən asılıdır: "Təbii ki, bütün bu cür proseslərdə ilkin dövrdə əhali, şirkətlər təlaş yaşayır, bu da səbəbsiz deyil. Çünki lirənin bu qədər sürətlə dəyərsizləşməsi bir çox şirkətlər üçün çox böyük itkilər deməkdir. Onlar bunun qarşısını almaq üçün dollar almaq istəyirlər. Dollara tələbatın artması istər-istəməz kursun daha da düşməsinə gətirib çıxarır. İndiki məqamda hər şey Türkiyə Mərkəzi Bankının və hökumətin hansı addımlar atmasından asılıdır".
Lirənin ucuzlaşmasının manata təsirinə gəlincə, ekspert bildirib ki, manatın bu və ya digər formada türk lirəsinə hər hansı bir bağlılığı yoxdur: "Manatın bağlı olduğu, əsasən, ABŞ dollarıdır və bu da neftin qiyməti vasitəsilə özünü göstərir. Yəni neftin qiyməti yüksəkdirsə, manatın kursuna hər hansı bir ciddi təhdid və təhlükə gözlənilən deyil. Hazırda neftin qiyməti yüksəkdir və Azərbaycanın kifayət qədər valyuta ehtiyatları mövcuddur".
O bildirib ki, təkcə Türkiyədə deyil, digər qonşu ölkələrdə də bu proseslər baş verir: "Qonşu ölkələr həm idxal, həm ixrac baxımından bizim əsas ticarət tərəfdaşımızdır. Həmin ölkələrdə kursun aşağı düşməsi nəticəsində Azərbaycanda ixracın səviyyəsinə təsir göstərməmək üçün zaman-zaman ola bilsin, manatın məzənnəsinə ciddi olmayan hansısa korreksiyaya ehtiyac yaransın. Bu baxımdan Azərbaycanda kəskin bir devalvasiya gözləmirəm".
"Əsas ticarət tərəfdaşlarında milli valyutanın ucuzlaşması, manatın möhkəmlənməsi bizim üçün daha çox idxalı stimullaşdıran bir elementdir. Yəni bu, Azərbaycana həmin ölkələrdən mal gəlməsini artıran bir amil olur. Azərbaycandan isə həmin ölkələrə ixracı çətinləşdirir, xüsusilə məhsullarımızın Rusiyaya, İrana getməsi çətinləşir" — deyə o bildirib.
İqtisadçı-ekspert Cəfər İbrahimli isə deyib ki, Türkiyədə iqtisadi qərarların yetərsiz qaldığı müşahidə olunur: "Lirə üzərində təzyiqin azaldılması, ABŞ-la gərginliyin azaldılmasına və bir az da dollar/lirə məzənnəsinin psixoloji səviyyə olan 7-yə yüksəlməsinə bağlı olduğu görünür. Bundan sonra Türkiyənin tək qazancı məzənnəyə bağlı olaraq orta müddətdə ixracatın artması və turizm gəlirlərinə bağlı olaraq ölkənin xroniki xəstəliklərindən biri olan tədiyyə balansındakı açığın azalması gözlənilir. Lirənin dəyərdən düşməsi xüsusilə daşınmaz əmlaka investisiyanın, valyuta çıxışının artması ilə müşahidə oluna bilər".
Azərbaycana təsirinə gəlincə, ekspert bildirib ki, burada idxal-ixrac etdiyimiz malların strukturuna baxmaq lazımdır: "Türkiyədən idxal etdiyimiz mallar daha çox hazır geyim, qida məhsulları, ev alətləri və avadanlıqdır. İdxal olunan mallar, qida xaric idxaldan asılı olduğumuz mallardır. Dolayısı ilə bu məhsulların idxalı arta bilər, ancaq bu, bazarın tələbi ilə məhdud səviyyədə qalacaq".