Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avtomobil yanacağı ilə bağlı yeni rüsum kimlərə və necə təsir edəcək?

© Sputnik / Fuad HasanovYanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Avtomobilin çənini tam doldurmaq mümkündür, çünki çəndə olan benzinə heç bir irad bildirilmir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Nazirlər Kabineti Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib. Qərara əsasən, Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş çənlərinin tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun alınması müəyyən edilib.

© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Natiq Cəfərli

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, qonşu ölkələrin qiymət fərqinə uyğun olaraq düşünülmüş bir addımdır: "Əsasən də Gürcüstanda Azərbaycana nisbətən dizellər, "Aİ 92" markalı benzin bir az bahadır. Və bu, oraya aparılan benzinin və dizel yanacağının qarşısını almaq məqsədilə atılmış addım kimi görünür".

"Amma bunun məntiqi o qədər də anlaşılan deyil. Çünki istənilən ölkə istənilən məhsulunun daha çox xaricə aparılmasında və yaxud daha çox satılmasında maraqlı olmalıdır. Gürcüstan tərəfi ciddi şəkildə baryerlər qoyur ki, Azərbaycandan keçərkən əlavə benzin və dizel yanacağı aparılmasın. Və Gürcüstan tərəfi bu qadağanı çoxdan tətbiq edib" — deyə N.Cəfərli vurğulayıb.

Ekspertin fikrincə, sözügedən qərar, daha çox daimi xaricə işləyən avtobuslar və yaxud da yük maşınları üçün sıxıntı yaradacaq: "Düşünmürəm ki, bu, turistlər üçün o qədər də problem olsun. Çünki ən azından Azərbaycanın sonuncu sərhəd məntəqəsində ölkəmizin yanacaqdoldurma məntəqələri var. Yəni avtomobilin çənini tam doldurmaq mümkündür. Çəndə olan benzinə heç bir irad bildirilmir".

© Sputnik / Anar MustafayevAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında, ümumiyyətlə, ixracla bağlı rüsumlara yenidən baxılmasına ciddi şəkildə ehtiyacın olduğunu deyib: "Son illər Azərbaycanda ixracın dəstəklənməsi, təşviqi ilə bağlı bir sıra işlər görülür ki, ixrac rüsumları azaldılsın, ixrac stimullaşdırılsın. İxracda o sahələr stimullaşdırılmalıdır ki, orada yüksək əlavə dəyər tutumu var. Yəni yüksək əlavə dəyər tutumu olan yerdə ixrac dəstəklənməlidir. Benzin yüksək əlavə dəyər tutumlu məhsuldur".

Professor hesab edir ki, xammal ixracı üçün ixrac rüsumları artırılmalıdır: "Yəni xammal şəklində məhsul ixrac edilirsə, rüsumlar tətbiq edilməli, ixraca gedən məhsulların rüsumları çox olmalıdır. Çünki bir tərəfdən istehsalçı çox yüksək mənfəət götürür. Ona görə də vergilər, rüsumlar ödənilməlidir. Amma əgər yüksək əlavə dəyər tutumlu məhsul ixrac olunursa, dövlət iqtisadiyyatına mənfəət, gəlir verilirsə, rüsumların tətbiqi iqtisadi fəaliyyətin, fəallığın zərərinədir".

"Ona görə də ixrac rüsumları o məhsullara tətbiq olunmalıdır ki, orada əlavə dəyər tutumu azdır. Yəni yüksək əlavə dəyər tutumlu məhsullara ixrac rüsumlarının tətbiqi ümumən iqtisadi aktivliyin artırılmasına xidmət etmir"-deyə ekspert bildirib.

Xəbər lenti
0