Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 10 avqust — Sputnik. Gecə klubları paytaxtın mərkəzi hissəsinin sakinlərinin baş ağrısına çevrilib. Fahişələr və fahişəliklə məşğul olan seksual azlıqların nümayəndələri ilə bağlı Sputnik Azərbaycan-ın redaksiyasına növbəti şikayət daxil olub. Şikayəti Bakının Nəsimi rayonunun Mərdanov qardaşları küçəsinin sakinləri ünvanlayıb.
Şikayətçilərin sözlərinə görə, seks sənayesinin nümayəndələri və narkomanların əlindən sadəcə onlara gün-güzaran yoxdur. Bu xoşagəlməz vəziyyət uzun müddətdir davam edir. Hava qaranlıqlaşan kimi gecə klublarının, barların və bu qəbildən olan ictimai obyektlərin ətrafına transvestitlər, fahişələr və narkomanlar toplaşır. Əgər onlar sadəcə mədəni şəkildə istirahət eləsələr, dərd yarıdır. Bu adamlar dalaşırlar, səs-küy salırlar, əxlaqdankənar ifadələr işlədirlər, zamanla söyüşlər bıçaqlaşmaya çevrilir.
"Mən əvvəllər belə sözlər eşitməmişəm. Bu, ən aşağı həddir. Binanın sakinləri normal əxlaqlı insanlardır, burada uşaqlar böyüyür. Gecələr biz onların hay-küyündən yata bilmirik. Müntəzəm olaraq polisə şikayət etsək də, nəticəsi olmur. Siz deyin, biz nə etməliyik?" — deyə Mərdanov qardaşları küçəsinin əxlaqsızlıq çirkabından təngə gəlmiş sakinləri bildiriblər.
Avqustun 6-da saat 06:00-da bu ərazidə bir daha şikayətçilərin haqlı olduğunu təsdiqləyən xoşagəlməz insident baş verib. "Hiss Club" gecə klubunun yanında dava olub. Seksual azlıqların nümayəndələri (translar) — hansısa Ayla ləqəbli biri ilə Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü İ.Novruzov dalaşıb. Dava Xaqani küçəsi yaxınlığında olub. Əvvəlcə hadisə yerinə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları gəlib. Sonra məlum olub ki, hadisənin baş verdiyi ərazi əslində Nəsimi RPİ-nin 22 saylı polis bölməsinin ərazisidir. Odur ki, hadisə ilə bağlı araşdırmanı onlar aparmalı olub.
Araşdırma zamanı məlum ki, Ayla İ.Novruzovu döyüb və ona xəsarət yetirib. Nəticədə Novruzov yardım üçün Kliniki Tibbi Mərkəzə müraciət edib.
Bu arada sözügedən münaqişənin səbəbi də bəlli olub. Sən demə, dalaşan şəxslərin hər ikisi fahişəliklə məşğuldur və gecə klubunun daimi sakinləridir. Onlar burada müştərilərə pullu intim xidmət təklif edirlər. Translar müştərini bölüşə bilmədikləri üçün dalaşıblar. Baş qaldıran həddindən artıq səs-küy dava ilə müşayiət olunduğundan, bina sakinlərinin diqqətini cəlb edib. Onlar hadisə ilə bağlı polisə müraciət etməli olublar.
Polis əməkdaşları hadisə yerinə gələrək insidenti xuliqanlıq kimi qeydə alıblar. Lakin onlar başa düşürlər ki, bu yolla artmaqda olan fahişəlik probleminin qarşısını almaq mümkün deyil. Əgər əvvəllər bu "qədim peşə" ilə təkcə qadınlar məşğul olurdusa, indi onların sayına translar da əlavə olunub. Azərbaycanda fahişəliklə məşğul olmaq cinayət məsuliyyəti yaratmır. Lakin bu işlə məşğul olanlar inzibati qaydada 100 manat məbləğində cərimə ödəyirlər.
Nəsimi rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, hüquq-mühafizə orqanları qanunvericilik çərçivəsindən çıxa bilmirlər və hər bir konkret halla bağlı tədbirlər görməklə kifayətlənirlər. Hətta bu vəziyyətdə də xuliqanlıq böyük ictimai təhlükə yaradan cinayətlər kateqoriyasına daxil edilmir. Buna görə də məhkəmələr bu qəbildən olan cinayətin iştirakçılarını şərti cəza kəsməklə azadlığa buraxır.
AR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də Sputnik Azərbaycan-a eyni sözü deyiblər. Qeyd ediblər ki, bizdə hər bir konkret hal araşdırılır və müvafiq tədbirlər görülür.