BAKI, 10 avqust — Sputnik. Los-Anceles Prokurorluğu dünya şöhrətli aktyor Stiven Siqala qarşı irəli sürülən cinsi təcavüz ittihamı ilə bağlı iddialar üzrə yoxlamalara başlayıb. Bu barədə Sputnik Azərbaycan "Deadline"-a istinadən xəbər verir.
"Ötən gün Los-Anceles polis departamenti bizə Stiven Siqala qarşı irəli sürülən cinsi təcavüz ittihamı ilə bağlı işi ötürüb. Biz onu yoxlamağa davam edirik" — deyə Prokurorluğun yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Siqalın adı ilə yanaşı polisə təqdim olunan işdə aktyor Entoni Anderson və Hollivud prodüseri Harvi Vaynşteyninin adı da var.
Qeyd edək ki, son aylar Siqalı ondan çox qadın cinsi təcavüzdə ittiham etdi. Siqala qarşı əvvəllər də bu ittihamla bağlı cinayət işi açılıb.
Rusiya Xarici İşlər Nazirliyi dünya şöhrətli aktyor və rejissor Stiven Siqalı Rusiya ilə ABŞ arasında humanitar məsələlər üzrə xüsusi nümayəndə təyin edib.
Rusiya tərəfindən xüsusi nümayəndə təyin edilən Siqal iki ölkə arasında mədəniyyət, sənət, sosial və gənclik sahələrində əlaqələrin inkişafına çalışacaq.
Xatırladaq ki, Siqal bu il iyulun 26-dan 29-dək Bakıda keçirilən ənənəvi "Jara" beynəlxalq müsiqi festivalına qatılıb. O, tədbirdə festivalın təşkilatçısı, Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarovla birlikdə duet oxuyub.