İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 10 avqust — Sputnik. İsmayıllı rayonunun Girk kəndi rayon mərkəzindən xeyli aralıda olan dağ kəndlərindən biridir. Son bir ayda bu kənd sakinlərinin gecəsi-gündüzü yoxdur. Səbəb isə kəndlilərin əsas gəlir mənbəyi olan iri buynuzlu heyvanların yararsız hala salınmasıdır. Sakinlərin müraciəti əsasında gündüz saatlarında Girk kəndində olduq. Sakinlərin sözlərinə görə, hava qaraldıqdan sonra, kənd ərazisində olan inəklərin də qara günləri başlayır.
Kənd sakini Namiq Əhmədovun Sputnik Azərbaycan-nın bölgə müxbirinə dediyinə əsasən, axşamlar otlaq sahəsindən sağ-salamat evə qayıdan inəkləri sağıblar. Səhər saat 5-də oyanıb yenidən inəkləri sağmağa gedəndə, görüblər ki, onların qabaq əmcəkləri yoxdur.
"Bilmirik onlar kəsilib, ya özbaşına düşüb. Bizim həyətdə 3 inək, 2 baş da dişi dana var. Danaların 4 əmcəyinin dördü də yoxdur. İnəklərdən isə ikisinin süd vəzləri kəsilib. Onlardan biri sentyabr ayının 1-i, ya da 2-si doğacaq. Digəri isə iki aydır doğub. Amma onların heç birinin süd vəzləri yoxdur" — deyə Əhmədov bildirib.
Sakinlərin sözlərinə görə, heyvanlar gündüz öruş sahələrində, gecə isə kəndin ərazisində nəzarətsiz qalır. Müşahidələr göstərir ki, inəklərə qənim kəsilənlər gecə saatlarını, özü də kəndin ərazisini seçirlər. Son iki həftə ərzində kənd ərazisində naməlum şəxs və ya şəxslərin xəsarət yetirdikləri heyvanların sayı 40 başa çatıb.
Kənd sakini Rövşən İsmayılov bildirib ki, onun inəyi gündüz meşədə olub. Axşam evə gəlib və onu sağıblar. Səhər tezdən buzovu buraxıblar və o, inəyi əmib. Evin gəlini buzovu əmdirib inəyi sağmaq istəyəndə, onun süd vəzinin birinin olmadığını görüb:
"Gəlin dedi ki, inəyin əmcəyi yoxdur. Baxıram süd axır, əmcək dibindən kəsilib. İndi bilmirik bunu insan kəsir, yoxsa vəhşi heyvan qopardır".
Kəndilərin dediyinə görə, xəsarət alan inəklərdən südlük heyvan kimi istifadə etmək mümkün deyil. Eyni zamanda bu inəklərin bazar qiyməti də 80, 90 faiz aşağı düşüb. Sakinlər baş verən xoşagəlməz hadisə səbəbindən böyüklü-kiçikli hər kəsin təlaşa düşdüyünü deyirlər. Elə bu səbəbdən də onlar rəsmi qaydada rayon baytarlıq və polis idarələrinə müraciət ediblər.
Rayonun baş baytarı Barat Şahaliyevin sözlərinə əsasən, Girk kəndinə gedərək yaralı heyvanlara baxış keçirib və lazımi tövsiyələrini verib. O ki qaldı heyvanlarda baş verən xoşagəlməz hadisənin xəstəliklə bağlı olmasına, baytarın fikrincə, heç bir xəstəlikdən söz gedə bilməz:
"Orada heç bir xəstəlik yoxdur. Həmin ərazidə heyvanlara kliniki baxış keçirmişik. Baxış zamanı müəyyən edildi ki, həmin heyvanların döşləri qırılmış, kəsilmiş haldadır. Biz üzərimizə düşəni etdik. Qan nümunələri götürmüşük və laboratoriyaya göndərmişik. Xəsarət alan heyvanlara tibbi yardım göstərilib. Hazırda onların südvermə qabiliyyəti olmasa da, qidalanmasında və yaşamasında hər hansı bir problem yoxdur".
Girk kəndində baş verən olayla bağlı İsmayıllı rayon Polis Şöbəsindən əməkdaşımıza bildiriblər ki, sakinlərin müraciəti əsasında araşdırma aparılır.
"Görünən odur ki, kənddə ya manyak va ya ağlı başında olmayan biri peyda olub və qisas almaq üçün dili-ağzı olmayan, özü kimi beyinsiz heyvanları hədəf seçib" — deyə polisdən bildiriblər.