BAKI, 8 avqust — Sputnik. Təsisçisinin 5 iyul 2018-ci il tarixli qərarı ilə fəaliyyəti dayandırılan “İstək” liseyinin şagirdlərinin ölkənin digər ümumi təhsil müəssisələrində yerləşdirilməsi prosesi Təhsil Nazirliyində yaradılan İşçi qrup tərəfindən davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 9-dan etibarən şagirdlərin valideynlərinin Bakı şəhərində Akademik Zərifə Əliyeva adına lisey, bölgələrdə isə liseyin yerləşdiyi şəhər və rayonların (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Quba, Ağdaş və Şəki) təhsil şöbələrinə yaxınlaşaraq övladlarının sənədlərini təhvil alması və övladlarını seçimlərinə əsasən, digər məktəblərdə yerləşdirmələri üçün bütün lazımi şərait yaradılıb: "Artıq çox sayda şagirdin valideynləri dövlət və özəl ümumi təhsil müəssisilərinə müraciət edib və müvafiq məktəblərdə yerləşdirilməsi həyata keçirilib. Bir daha xatırladaq ki, sözügedən şagirdlərin dövlət məktəblərində yerləşdirilməsi üçün kifayət qədər yer mövcuddur".
2018/2019-cu tədris ilinin başlanmasına az vaxt qaldığını nəzərə alaraq, övladlarının digər məktəblərdə yerləşdirilməsini tamamlamamış valideynlərə məktəb seçimi və bununla bağlı müvafiq prosedurların yekunlaşdırılması tövsiyə olunur. Övladlarının digər məktəblərdə yerləşdirilməsi ilə bağlı çətinliklərlə üzləşən valideynlər birbaşa olaraq Təhsil Nazirliyi ilə (0125991155, daxili nömrə 5263) əlaqə saxlaya bilərlər.