BAKI, 7 avqust — Sputnik. "Uzbekkonsert" dövlət müəssisəsi toylarda oxunması məsləhət görülən mahnıların siyahısını tərtib etmək niyyətindədir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sözügedən müəssisənin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, arzu edənlərin hamısı onlara müraciət edərək toy və digər mərasimlərdə oxunması münasib olan mahnıların siyahısını abunə yolu ilə əldə edə bilərlər.
"Uzbekkonsert" bununla bağlı onun elektron ünvanına (uzbekkonsert.хm@umail.uz), yaxud da telefonunun messencerinə təkliflər göndərməyi xahiş edib.
Xatırladaq ki, "Uzbekkonsert" toy və mərasimlərə dəvət edilməsi tövsiyə olunan artistlərin siyahısını da tərtib edib. Onun siyahısında hər bir artistin çıxışının qiyməti də göstərilib.
Özbəkistan prezidenti Şevket Mirziyəyev respublikada dəbdəbəli toyların, israfçılığın qarşısını almaq üçün tədbirlər görməyə başlayıb. O, hökumətin və region rəhbərlərinin diqqətinə çatdırıb ki, dəbdəbəli toylar ailələri məhv edir. Bununla əlaqədar olaraq respublikada müntəzəm olaraq nümunəvi "ciddi" toylar keçirilir. Gənclər bu toylardan nümunə götürə bilərlər.
Bir sözlə, bundan sonra özbək toylarında oxuyacaq müğənnilərin siyahısı və qiyməti dövlət tərəfindən müəyyənləşəcək. Toylarda hansı mahnıların ifa olunmasını da dövlət qərar verəcək.