BAKI, 5 avqust — Sputnik. Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilmiş rusiyalı jurnalistlərin, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cəsədləri Parisdən Moskvaya gətirilib.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, cəsədləri Şeremetyevo hava limanında istintaq orqanalrının nümayəndələri və jurnalistlərin qohumları, həmçinin onları MAR-a göndərmiş Təhqiqatların İdarəedilməsi Mərkəzinin təmsilçiləri qarşılayıblar.
Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, azərbaycanlı jurnalist, ilkin məlumata görə, avqustun 8-də dəfn olunacaq və jurnalistlə vida mərasimi Moskvanın Cümə məscidində olacaq.
Məlumatı RİA Novosti-yə Camalın qohumları da təsdiq ediblər. Onlar Orxan Camalın Moskvanın Xovanski qəbiristanlığında müsəlman sektorunda dəfn olunacağını bildiriblər.
Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev MAR-da qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, iyulun 31-də onları blokpostda saxlayıblar və daha sonra ölüm xəbərləri gəlib.
52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğlu idi. Heydər Camal özü 2016-cı ildə vəfat edib.