BAKI, 1 avgust — Sputnik. Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədri Leonid Levin bəyan edib ki, "qaynar nöqtələr"də işləyən jurnalistlərin sosial zəmanəti haqqında qanun payız sessiyasında qəbul olunacaq.
RF Xarici İşlər Nazirliyi (XİN) məlumatına görə, iyulun 30-da Mərkəzi Afrika Respublikasında (MAR) üzərilərində jurnalist vəsiqələri olan üç nəfər — Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquyev qətlə yetirilib. İnsidentlə bağlı RF CM-in "adam öldürmə" maddəsi ilə cinayət işi açılıb. Rusiyanın MAR-dakı səfirliyi hazırda jurnalistlərin nəşinin yaxın günlər içində ölkəyə gətirilməsi məsələlərinin həlli ilə məşğuldur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, İnsan hüquqları üzrə Prezident Şurasının rəhbəri Mixail Fedotov Rusyadan olan çəkiliş qrupu üzvlərinin ölümündən sonra KİV-in "qaynar nöqtələr"də işləməsi ilə bağlı qanunun qəbulunu tezləşdirməyə çağırıb: "Baş vermiş bu kədərli hadisə növbəti dəfə bizə risklərin və təhlükələrin media işinin ayrılmaz bir hissəsi olduğunu xatırladıb".
"Bunu nəzərə alaraq "qaynar nöqtələr"də işləyən jurnalistlərin sosial zəmanəti haqqında qanun layihəsi Dumanın payız sessiyasında qəbul olunacaq" — deyə Levin rəhbərlik etdiyi komitənin mətbuat xidməti vasitəsilə bildirib.
Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında (MAR) sənədli film çəkən rusiyalı jurnalistlərə axşam saat 6 radələrində 10 nəfər hücum edib. MAR-da vəziyyətin sabitləşməsi üzrə BMT missiyasından bildirilib ki, öldürülən rusiyalı jurnalistlərin cəsədləri Sibutadan 33 kilometr şimalda tapılıb. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb və cinayətin araşdırılmasında MAR-dan olan həmkarlarına kömək etməyə hazır olduğunu bildirib.
Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev MAR-da qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib.
52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü 2016-cı ildə vəfat edib.