Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. Azərbaycanın paytaxtında əmlakın oğurlanması ilə bağlı cinayətlərin sayı artıb. Məslən, ötən sutkaların birində gün ərzində Bakıda böyük soyğunçuluq faktları qeydə alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Bakının hüquq-mühafizə orqanları məlumat verib.
Misal üçün, Xətai rayonunda cinayətin qurbanı Yusif Səfərov küçəsində yaşayan 1978-ci il təvəllüdlü Novruzova Pərvanə Çapay qızı olub. O, polisə bildirib ki, avqustun 2-də günorta vaxtı Vüqar adlı tanışı onun evindən 11 min manat aparıb. Hazırda 37-ci polis bölməsinin əməkdaşları şübhəlinin oğurluqda iştirakı predmeti üzrə araşdırma aparır.
Xəzər rayonunda isə özgəsinin malını oğurlama cinayətinin qurbanı Qala qəsəbəsinin 1962-ci il təvəllüdlü sakini Məmmədova Şəfəq Şirin qızı olub. Qadın Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs avqustun 1-də onun evinə pəncərədən daxil olaraq 6 min manat pulu, noutbuku, planşeti və 3 min 500 manat dəyərində qızıl-zinət əşyasını aparıb. Hələlik faktla bağlı saxlanan yoxdur.
Bunlarla yanaşı son iki gündə Bakıda 104 özəl və dövlət əmlakının oğurlanması faktı qeydiyyatdan keçib. Onlardan 15-nin üstü açılıb.
Bunlarla yanaşı qeyd edək ki, hüquq-mühafizə orqanları başqasının əmlakını oğurlama faktlarının sayının artdığını qeyd edib. Bu cinayətlərin 90%-ni kiçik oğurluq faktları təşkil edir. Əgər əvvəllər daxili işlər orqanlarının əməkdaşları gün ərzində 30 oğurluq faktını rəsmiləşdirirdilərsə, hazırda bu göstərici 50-yə yüksəlib.