CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərsu"ya görə maddi ziyan görənlər onu məhkəməyə verə bilər

© Sputnik / Tarana KhudabakhshiyevaYasamal rayonu, Akim Abbasov küçəsi 18
Yasamal rayonu, Akim Abbasov küçəsi 18 - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünas: "Bu zaman həmin qurum vətəndaşa dəyən maddi ziyanı ödəyəcək"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Paytaxtımızda təmir-tikinti işləri əsnasında müxtəlif dövlət qurumlarının və özəl müəssislərin əməkdaşlarının yenicə təmirdən çıxmış yolları qazması artıq adət halını alıb. Kimi yol tikintisi başa çatandan sonra kanalizasiya çəkir, kimi su borusu, kimi qaz, kimi işıq, kimi rabitə xətti, kimi də başqa nə isə. Bu sahədə xüsusi fəallıq nümayiş etdirən qurumlardan biri də "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin işçiləridir. Onlar su və kanalizasiya xətlərinin yenilənməsi və ya təmiri işlərini başa çatdırandan sonra qazdıqları yeri səliqə-sahmana salmağı və asfaltlamağı unudurlar. Bu isə paytaxtın küçələrində ciddi problemə çevrilir. Bu yaxınlarda analoji problemlə Sputnik Azərbaycan-ın əməkdaşı da qarşılaşıb.

Belə ki, bir müddət öncə "Azərsu"nun əməkdaşları Yasamal rayonu, Akim Abbasov, 18 ünvanında su borusunu təmir etdikdən sonra, onun üzərinə torpaq töküb gediblər. Su borusunun keçdiyi yol 2 ay boyunca bu vəziyyətdə qalıb. Əməkdaşımız "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya müraciət etdikdən sonra problem həllini tapıb. Yəni, yolun təmir olunan hissəsinə asfalt tökülüb. Bu addım palçıqdan, tozdan qurtulmuş şəhər sakinlərini xeyli sevindirib. Lakin onların sevinci uzun sürməyib. Bu ilin may ayında həmin yerdə təmir olunmuş boru qəfildən partlayıb. "Azərsu"nun işçiləri yenidən gəlib oranı qazaraq təmir ediblər.

Bu dəfə də qazdıqları yerin üstünü torpaqlayaraq ərazidən gediblər. O vaxtdan indiyədək keçən dövr ərzində yol asfaltlaşdırılmayıb. Yayın istisində torpaqdan qalxan toz evlərə dolaraq sakinləri narahat etməkdədir. Sakinlərin digər bir dərdi də borunun təmir olunduğu yerin üzərinə qoyulan beton plitədir. Sürücülərin ani diqqətsizliyi nəticəsində avtomobillər o betona dəyərək maddi zərər görür. Maddi zərərdən qurtulan sürücülərə isə mənəvi ziyan dəyir.

Əməkdaşımız bu problemlə bağlı növbəti dəfə Anar Cəbrayıllıya müraciət etməli olub. O isə təmsil etdiyi qurumun işçilərinə bu barədə məlumat verib. Onlar problemi həll etmək üçün 10 gün vaxt istəyiblər. Amma üstündən 20 gündən çox vaxt keçsə də, promlem həll olunmamış qalıb.

Bu dəfə əməkdaşımız yenidən Anar Cəbrayıllıya müraciət etməli olub. O isə deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ediblər və onlar gəlib düzəldəcəklər.

Sözügedən agentliyin əməkdaşları isə gəlmir ki, gəlmir. Yenə evlərə toz dolmaqda, yenə beton plitə avtomobillərə maddi ziyan vurmaqdadır. Məsələnin mənəvi-psixoloji tərəfi məlumdur. Amma yolun ortasına qoyulan beton plitənin avtomobillərə vurduğu zərərə görə hansı qurum məsuliyyət daşıyır? Sürücülərə dəyən o maddi ziyanı kim ödəməlidir? Bu suallara cavab tapmaq üçün əməkdaşımız bu dəfə hüquqşünaslara müraciət edib.

© Sputnik / Tarana KhudabakhshiyevaYasamal rayonu, Akim Abbasov küçəsi 18
Yasamal rayonu, Akim Abbasov küçəsi 18 - Sputnik Azərbaycan
Yasamal rayonu, Akim Abbasov küçəsi 18

Hüquqşünas Elyar Həsənov deyib ki, vətəndaş üzərinə düşən vəzifəni icra etməyən quruma qarşı ona dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir: "Lakin vətəndaş ona məhz bəhs etdiyimiz halda zərər dəydiyini və sözügedən dövlət qurumun səhvini sübut etməlidir. Bu zaman həmin qurum vətəndaşa dəyən maddi ziyanı ödəyəcək".

Hüquqşünas Adəm Məmmədov da qeyd edib ki, vətəndaş sözügedən halla rastlaşarsa, məhkəməyə müraciət etməlidir. Amma onun ən azı 2 şahidi və məhkəməyə təqdim edəcək sübutları olmalıdır.

Xəbər lenti
0