BAKI, 3 avqust — Sputnik. "Dəniz kuboku-2018" müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri "Gəminin davamlılığı uğrunda mübarizə" üzrə yarışda "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə" epizodunu yerinə yetiriblər.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ekipajlar bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər. Komandalar növbəti gün "Xilasetmə vasitələrinin istifadəsi" epizodunu yerinə yetirəcəklər.
Qeyd edək ki, iyulun 28-dən avqustun 11-nə kimi keçiləcək "Beynəlxalq Ordu Oyunları-2018" ilə bağlı Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiyada 28 müsabiqə təşkil olunacaq. Yarışlarda Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ isə müşahidəçi kimi iştirak edəcək.