BAKI, 3 avgust — Sputnik. "Etibar Erkin parapsixologiya elminə əvəzsiz töhfələr verib. Onun elmi fəaliyyəti bu gün də tədris olunur". Bu fikirləri parapsixoloq Tünzalə Bayramova, Sputnik Azərbaycan Multimedia Mərkəzində mərhum parapsixoloq Etibar Erkinin xatirə gününə həsr olunmuş tədbirdə səsləndirib.
Onun sözlərinə görə, Etibar Erkinin Azərbaycana olan sevgisi həyatının bütün istiqamətlərində əsas təşkil edirdi: "O, Azərbaycanın layiqli yerini qazanması üçün fəaliyyət göstərirdi".
Qeyd edək ki, Məmmədəliyev Etibar Əfrasiyab oğlu (Etibar Erkin) 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A.Spirkinin kursuna daxil olub.
E.Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib.
O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.