BAKI, 3 avqust — Sputnik. Donald Trampın oğlu Erik bəyan edib ki, öz ünvanına təhdidlər alıb. Bu barədə Sputnik Azərbaycan "Fox News"-a istinadən xəbər verir.
"Məni, bütün ailəmi təhdid edirdilər. Bizim hamımızın evinə ağ maddə göndərilib", — deyə Erik Tramp müsahibədə onun ailəsinin ünvanına səsləndirilən təhdidlər barədə danışarkən bildirib.
O, həmçinin atasının və yaxınlarının fəaliyyətinə dair KİV-də yayılan bəzi məlumatları "tamamilə absurd" və "ikiüzlülük" kimi dəyərləndirib.
Qeyd edək ki, son zamanlar, xüsusilə Rusiya prezidenti Vladimir Putinlə Helsinkidə baş tutan sammitdən sonra ABŞ prezidenti Donald Trampa qarşı mediada tənqidi yazıların, məlumatların sayı artıb.
Xatırladaq ki, iyulun 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təkbətək görüş olub. Görüşü planlaşdırılandan artıq — 2 saat 10 dəqiqə çəkib. Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasındakı münasibətlərin perspektivlərini və aktual beynəlxalq məsələləri müzakirə etdikləri bildirilir.
Görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.