Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dövlət başçısı böyük korrupsiya kanalını bağladı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib
İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
"Sahibkarlığa Kömək Milli Fondu ictimaiyyət, xüsusilə sahibkarlıq subyektləri arasında korrupsiya mexanizmi olaraq qiymətləndirilirdi"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Dövlət başçısı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında sözügedən fərmanı şərh edib. İqtisadçı bu addımı müsbət qiymətləndirib: "Çünki Sahibkarlığa Kömək Milli Fondu ölkədə kifayət qədər mənfi reputasiyaya malik olan bir qurumdur və fəaliyyətində ciddi nöqsanlar var idi. İctimaiyyət, xüsusilə sahibkarlıq subyektləri arasında bu qurum korrupsiya mexanizmi olaraq qiymətləndirilirdi. Baxmayaraq ki, indiyədək SKMF xətti ilə 2 milyarddan çox vəsait sahibkarlıq subyektlərinə təqdim olunub".

Onun sözlərinə görə, hazırda qurumun həyata keçirdiyi kreditləşmə siyasətinin iqtisadiyyatda effektivliyi zəifdir: "Çünki əksər hallarda qurum tərəfindən təklif olunan kreditlər kifayət qədər ciddi xərclər hesabına başa gəlirdi. Burada subyektiv qiymətləndirmələr, yanaşmalar var idi. Eyni zamanda, kreditlər əksər hallarda, məhz müəyyən qeyri-rəsmi ödənişlər qarşılığında təklif olunurdu. Bu isə sahibkarların bərabərhüquqlu şəkildə bu imkanlardan yararlanması şansını aşağı salırdı. Hətta qurumda ciddi islahatlar aparılsaydı belə, azərbaycanlı sahibkarda qurumun fəaliyyəti ilə bağlı müsbət bir qənaətin formalaşdırılması çox çətin idi".

Ekspert hesab edir ki, SKMF-nı ləğv edib yerində yeni qurum yaratmaqla və yeni əsaslarla, daha sağlam prinsiplərlə idarəetməni təmin etməklə Azərbaycanda iqtisadiyyatın inkişafına daha çox töhfə vermək mümkündür: "Nəinki əvvəlki qurumu saxlayaraq onun üzərində islahatların aparılması. Bundan əvvəl də Azərbaycanda bir neçə qurum ləğv edilib. Məsələn, bunlardan biri Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi olub. Bu qurumun da kifayət qədər mənfi reputasiyası var idi".

"Düşünmürəm ki, hər hansı bir addımlar atmaqla, tədbirlər görməklə qurumun fəaliyyətini sağlamlaşdırmaq və reputasiyasını yüksəltmək mümkün idi. Bu baxımdan da ləğv edilərək yenisi yaradılıb. SKMF-in də ləğv edilməsi bu konteksdən yanaşsaq, müsbət addımdır" — Həsənov bildirib.

Onun sözlərinə görə, bəzi hallarda onu da müşahidə edirik ki, yeni yaranan qurum da öz sələfinin xəttini davam etdirir: "Ümid edək ki, yeni yaranan qurumun işi daha sağlam prinsiplərlə, daha şəffaf şəkildə təmin ediləcək" — deyə o, əlavə edib.

Mütəxəssisin dediyinə görə, SKMF bəzi hallarda heç maliyyə hesabatlarını da açıqlamırdı: "Açıqladığı hesabatları da çox qısa müddətdə, hətta, öz rəsmi saytından belə, götürürdü ki, bunlarla tanış olmaq mümkün olmasın. Yəni bu qurumun fəaliyyətində ciddi nöqsanlar var idi. Hətta SKMF ilə işləməyə cəhd göstərən beynəlxalq maliyyə institutları bu qurumla əməkdaşlıqda çox ciddi çətinliklə üzləşirdi".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Prezident İlham Əliyev gözlənilməz qərar qəbul etdi

"Halbuki indiki şərtlər daxilində, xüsusilə 2014-cü ildən sonra Azərbaycan iqtisadiyyatı üçün formalaşmış yeni konyunktura bu kimi nöqsanların olmaması zərurətini formalaşdırıb. Ona görə də iqtisadiyyatın sağlamlaşdırılması, inkişaf etdirilməsi, maliyyə təminatının gücləndirilməsi məqsədilə ayrılan vəsaitlərin hədəfinə çatması üçün yeni bir yanaşmanın ortaya qoyulmasına ehtiyac var idi" — R.Həsənov vurğulayıb.

Müşahidə Şurasının yaradılmasına gəlincə, ekspert bildirib ki, konsensus əsasında qərarların qəbul edilməsi və idarəetmədə daha çox maraq qruplarının, qurumlarının təmsil olunması son nəticədə daha sağlam qərar qəbul etməyə və vahid iradədən, yəni, bir nəfərin subyektiv yanaşmasından asılılığın azalmasına gətirib çıxardır.

Qeyd edək ki, fərmanla Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə qaydası təsdiq edilib. Müşahidə Şurasının 5 üzvünü İqtisadiyyat Nazirliyi, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər: Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası.

Müşahidə Şurasının sədri iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. Nizamnaməyə əsasən Fond öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlamaq olmaz. Fondun yenidən təşkilini və ya ləğvini Azərbaycan Prezidenti həyata keçirir. Fondun nizamnamə fondu 1 094 254 581 manatdır.

Xəbər lenti
0