BAKI, 31 iyul — Sputnik. "Bu gün səhər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və adiyyatı üzrə şöbələrin məsul şəxsləri tərəfindən 1969-cu ildə Tovuzda anadan olan Əhmədov Yaşar Məmmədəli oğlu qəbul edilib".
Bu barədə Sputnik Azərbaycan-a komitənin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 3 may 2018-ci il tarixində Tovuz rayonu Bozalqanlı kənd sakini Yaşar Əhmədovun qonşularının kollektiv şəkildə Xəzər televiziyasının "Səni axtarıram" verilişinə edilən müraciəti əsasında Y.Əhmədovun ailə problemi ictimailəşdirilib və mövzu ətrafında müzakirələr aparılıb.
"Müvafiq məsələ ilə bağlı Xəzər televiziyasının əməkdaşları tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi şifahi müraciət olunub. Müraciətdə Yaşar Əhmədovun həyat yoldaşı Pərvanə Məhəmməd qızı Qarayeva tərəfindən tərk edildiyi, himayəsində 2 azyaşlı uşağın olduğu və onların çətin həyat şəraitində saxlanıldığı bildirilib. Bundan dərhal sonra Komitə tərəfindən Y. Əhmədovla telefon əlaqəsi saxlanılıb və Komitəyə dəvət olunub. Bir neçə gün ərzində vətəndaş müxtəlif bəhanələrlə Komitəyə gəlməyib və telefonunu söndürüb" deyə məlumatda bildirlir.
Məsələ ilə əlaqədar olaraq ətraflı məlumat əldə etmək məqsədilə Komitə tərəfindən 4 may 2018-ci il tarixində 2-499/18 nömrəli məktubla Tovuz rayon İcra Hakimiyyətinə müraciət edilib. 16 may 2018- ci il tarixində Tovuz rayon icra hakimiyyəti tərəfindən müraciətə cavab olaraq hazırda uşaqların Gəncə şəhərində ananın himayəsində yaşadıqları və İcra Hakimiyyəti tərəfində müntəzəm olaraq P.Qarayeva ilə əlaqə saxlanıldığı bildirilib.
Komitə tərəfindən aparılan araşdırma əsasında məlum olub ki, vətəndaş Yaşar Əhmədov Samux rayon sakini P.Qarayeva ilə qeyri rəsmi nikaha daxil olub və birgə nikahdan iki övladları, Hüseyin və İsmayıl Əhmədovlar doğulub. Ailə münaqişəsi zəminində baş vermiş hadisələr əsasında P.Qarayeva uşaqları atanın himayəsində qoyaraq evi tərk edib. Öz növbəsində, içki aludəçisi olan Y.Əhmədov uşaqlara laqeyid yanaşıb, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək uşaqları uşaq evinə yerləşdirmək istədiyini bildirib. Edilmiş müraciət əsasında aidiyyəti üzrə məsələnin həlli istiqamətində işlərin aparılması məqsədilə Tovuz rayon İcra Hakimiyyətinə məlumat verilib. Məsələ ilə bağlı İcra Hakimiyyətinin hüquqi məsələlər üzrə iş şöbəsi məşğul olmuş, lakin, uşaqların heç bir sənədləri olmaması səbəbindən onları uşaq evinə yerləşdirmək mümkün olmayıb. Belə olduqda, vətəndaşa atalığın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmiş və müvafiq köməklik göstərilib. Lakin, Yaşar Əhmədov Məhkəmə tərəfindən müəyyən olunmuş tarixlərdə Məhkəmə iclasına gəlməyib və məsələ öz həllini tapmayıb.
Nəticədə atanın himayəsində qalan uşaqlar daha da baxımsız vəziyyətə düşüb. Hadisənin şahidi olan qonşular tərəfindən "Səni axtarıram" verlişinə edilmiş müraciət əsasında uşaqlar Kəmalə Ağazadənin rəhbərlik etdiyi "Azərbaycan Uşaqlar Birliyi" Qeyri-hökumət təşkilatının Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Məsələ ictimailəşdikdən dərhal sonra ana P.Qarayeva mərkəzə gedərək uşaqları götürüb və yaşadığı ünvana aparıb. Ana hazırda Gəncədə işləyir və uşaqlar onun himayəsindədir.
Hazırda bu məsələ Komitə tərəfindən nəzarətə götürülüb, tam həll olunana qədər nəzarət davam etdiriləcəkdir.