BAKI, 31 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində avqustun 1-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq ki, bu da çimərliklərdə əlverişli şərait yaradacaq.
Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə: Avqustun 1-də Abşeron yarımadasında bəzi saatlarda rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.