BAKI, 30 iyul — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və digər Qərb ölkələrinin Rusiyaya qarşı hərbi planlarından xəbərdar olduqlarını bildirib.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, rusiyalı nazir ABŞ-ın başqa ölkələri Rusiya silahlarını almaqdan imtina etməyə məcbur etməsini qeyri-müəyyənliyə, böhrana sürüklədiyini söyləyib.
O, bildirib ki, Vaşinqton açıq şəkildə Türkiyə, İndoneziya və Hindistana Rusiya silahlarının satışı ilə bağlı müqavilələrdən imtina edilməsini istəyir.
Lavrov diplomatiya və dialoq mədəniyyətinin yerini ultimatum və təzyiq mədəniyyətinin almasının böhran yaratdığını da vurğulayıb.
O, yeni bir dünya nizamının formalaşmasında Birləşmiş Millətlərin (BMT) xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Rusiyalı nazir ABŞ-ın BMT-nin kiber aləmdə məsuliyyətli davranış qaydalarını inkişaf etdirməsinin qarşısını aldığını vurğulayıb: "Uzun zamandır BMT-yə kiber aləmdə məsuliyyətli davranış qaydalarının inkişaf etdirilməsini təklif edirik. Bu sahədə müəyyən qaydalar yoxdur. Buna qarşı çıxan ölkə isə ABŞ-dır. Bu təəccüblü deyil, çünki ABŞ internet idarəçiliyində ümumi mənada hakim bir mövqedədir".