BAKI, 27 iyul — Sputnik. Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, bu səbəbdən həmin hissədə iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.
"Ancaq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur" — deyən Nəcəfli qedy edib ki, sürücülər aşağıdakı alternativ yollardan istifadə edə bilərlər:
1. Sumqayıt şəhəri, Saray və Masazır qəsəbələrindən:
— Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,
— Binəqədi şossesindən,
— Novxanı-Pirşağı marşrutu üzrə Kürdəxanı-Zabrat, Kürdəxanı-Maştağa-Buzovna və Bilgəh-Buzovna yolları vasitəsi ilə Heydər Əliyev prospektindən;
2. H.Z.Tağıyev-Sahil avtomobil yolundan:
— Ələt-Bibiheybət və Ələt-Lökbatan dairəsi-Bakı-Dairəvi-1 yolu,
— Şamaxı yolu-Sulutəpə dairəsi-Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 marşrutu ilə;
3. Bakı-Sumqayıt yolundan:
— Xırdalan dairəsi-Binəqədi qəsəbəsi marşrutu üzrə Binəqədi şossesindən, həmçinin Balaxanı-Zabrat yolu vasitəsi ilə Heydər Əliyev prospektindən,
— Ekologiya postu – 4-cü qapı küçəsi (Biləcəri-Binəqədi yolu) vasitəsi ilə Binəqədi şossesindən, həmçinin 4 —cü qapı küçəsi-Biləcəri qəsəbəsindən,
— Hocahəsən-Bibiheybət və Hocahəsən-Bakı Dairəvi-1 yollarından,
— Avtovağzal-Biləcəri qəsəbəsi marşrutu ilə şəhərə daxil olmaq mümkündür.
Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.