BAKI, 27 iyul — Sputnik. “BakuBus” MMC-yə məxsus avtobusun yoluna iki nəfərin çıxması nəticəsində təhlükəli vəziyyət yaranıb.
Hadisə iyulun 25-i saat 06:16-da 21 nömrəli marşrut xətti üzrə işləyən avtobus “28 May” metrostansiyasının qarşısından “Əhmədli” metrostansiyası istiqamətində hərəkət edərkən Nobel prospektində qeydə alınıb.
“Baku Bus” MMC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yola çıxan iki nəfər avtobusun saxlanılmasını istəyib. Bu zaman avtobus üçün qəza şəraiti yaradan həmin şəxslər öz həyatlarını da təhlükə altında qoyublar. Sürücü qəzadan yayınaraq hərəkəti davam etdirdiyi vaxt isə yola çıxanlardan biri əli ilə avtobusa zərbə endirib.
İki nəfərin yola çıxaraq avtobus üçün qəza şəraiti yaratması digər avtomobillərin hərəkətinə də mane olub.