BAKI, 27 iyul — Sputnik. Bu gün Bakı şəhəri Nəsimi və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, iyulun 27-si saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
"Azəriqaz" bunun Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yeni çəkilmiş, diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, eləcədə Binəqədi rayonu 9-cu MKR Mircəlal küçəsində istismara yararsız, diametri 108 mm-lik qaz xəttinin ləğvi, həmçinin yeni çəkilmiş, diametri 225 mm-lik qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar olduğunu qeyd edir.
"Görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür" — deyə məlumatda vurğulanır.