BAKI, 26 iyul — Sputnik. 2018-ci ilin 24 iyul tarixində saat 23:30 radələrində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Respublikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib, hədəfin "Yamaha-200" mühərrikli "Layner" tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilmiş və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqamətində saxlanılıb.
Saxlanılan qayığa və qayıqda olan İran İslam Respublikasının vətəndaşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Behrac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik "Maqnum" markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.