Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Oğlun yoxdu - sonun yoxdu, dedilər..."

CC0 / StockSnap / MotherМолодая женщина с дочерью, фото из архива
Молодая женщина с дочерью, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Atama da "sonsuz" damğası vurublar, eynilə ömrünü bütövlükdə Vətənə, sənətə həsr etmiş görkəmli Xalq şairimiz Məmməd Araz kimi

Rumiyyə Miraslan — Sputnik Azərbaycan
Bakı, 24 iyul — Sputnik. 
"Qızın varsa, dərdin var", "qız yükü, duz yükü", "qız züryət (övlad) deyil", "oğlun yoxdursa, sonsuzsan, ocağın sönükdür" və s. Çoxlarının oxuyanda belə əsəb keçirdiyi bu sözlərin ayaq tutub yeridiyi bir ortamda doğulmuşam, böyümüşəm. Mən dünyaya gələndə, baxmayaraq ki, birinci qızı artıq həyatda deyildi, anam ikinci qız doğduğu üçün çox təhqirlərə, təzyiqlərə məruz qalıb. Bələyimi anamın qucağından alıb həyətə, qarın üstünə tolazlayıblar. "İnsaflı" çıxanlar isə, "başın sağ olsun, fikir eləmə, gələn dəfə oğlun olar" deyə başsağlığı veriblər. Atama da "sonsuz" damğası vurublar. Eynilə ömrünü bütövlükdə Vətənə, sənətə həsr etmiş görkəmli Xalq şairimiz Məmməd Araz kimi: 

"Oğlun yoxdu — sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu, dedilər,
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir ömürdü, yaşadım".

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Paytaxtda ata qızını bıçaqlayaraq qətlə yetirdi

Təəssüflər olsun ki, bu xoşagəlməz vəziyyət mən böyüdükcə aradan qalxmayıb, əksinə daha geniş vüsət alıb. Hər zaman qız övladlarına qarşı ögey münasibətin olduğunu fərq etmişəm. Hətta orta məktəbdə ideal hesab etdiyim müəllimimin belə oğluna daha çox dəyər verdiyini açıq-aydın görmüşəm. Ali məktəbdə oxuyanda da qızların başları üzərində, sanki bir "Domokl qılıncı"nın olduğunu hiss etmişəm. Və yazıqlar olsun ki, qızlara qarşı həmin ögey münasibət bu gün də qalmaqdadır. Elmin, texnikanın yüksək səviyyədə inkişaf etməsinə, robot əsri olmasına, insanların artıq ulduzda, ayda gəzməsinə baxmayaraq, illər öncə qız övladına qarşı hökm sürən baxış bucağı dəyişməz qalıb. Bu gün də qız övladı arzuolunmazdır, əksər valideynlər daha çox oğlan övladlarının dünyaya gəlməsini arzulayırlar. Bu, dünən də beləydi, bu gün də belədir, əminəm ki, düşüncələr, fikirlər, yanaşmalar dəyişmədiyi təqdirdə, sabah da belə olacaq.

Düzdür, bu gün Azərbaycan cəmiyyətində qadın birinci vitse-prezident, vitse-spiker, millət vəkili, direktor, media kapitanı və s. səviyyəsinə yüksəldilib. Ancaq hələ də bir çox ailələrdə qız övladına münasibət ən aşağı səviyyədədir. Qızların hüquqları hələ beşikdə, ana bətnində ikən, hətta ziyalı hesab etdiyimiz valideynlər tərəfindən belə pozulur. Bu gün Azərbaycanın əksər rayon və kəndlərində qıza övlad kimi yox, artıq yük kimi baxırlar. Həmin yükdən "xilas olmaq" üçün də qızları çox erkən yaşda ərə verirlər, daha doğrusu "başlarından edirlər". Beləliklə də, "dünyaya gəlişi ilə həyatımı qaraltdı" dedikləri qız balalarının hələ azyaşlı ikən həyatlarını qaraldırlar…

13 il bundan öncə qızım dünyaya gəldiyində, elə bil bütün dünyanı mənə bağışlamışdılar. Çox sevinirdim, xoşbəxtliyimdən, sanki qanad açıb uçurdum. Palata yoldaşımın da qızı olmuşdu, ancaq o ana məndən fərqli olaraq çox kədərliydi. Bəlkə də canı ağrıyır deyə, üzünə hakim kəsilmiş qüssənin səbəbini soruşmurdum. Axşam saatlarında xəstəxanının həyətini hay-küy bürümüşdü, kimsə həyətdə var gücüylə qışqırırdı. Qışqıran kiminsə ünvanına söyüşlər söyürdü. Bir də baxdım ki, palata yoldaşım hönkürüb ağlayır. Sonradan bəlli oldu ki, həyətdə qışqıran, söyən kişi onun həyat yoldaşıdır. İkinci qız övladı olduğuna görə arvadını günahlandırır, təhqir edir, aşağılayır… O "ata"nın bir neçə saat öncə dünyaya ay parçası kimi gözəl, sağlam bir mələk dünyaya gətirmiş qadına dediyi son söz: "ya uşağı öldürüb, evə tək gələcəksən, ya da gələndən sonra özüm hər ikinizi öldürəcəm" — bəlkə də ölənə qədər qulaqlarımdan silinməyəcək.

Сотрудник полиции в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda "şortikli qız"ın axtarışlarına başlandı: O qızı tapın!

Düzdür, ana övladına qıymadı, ancaq doğulan körpənin sonrakı taleyindən nigaran qaldım. Bəlkə də o qız indi heç həyatda deyil, "atası" "verdiyi vədi" yerinə yetirib… Çünki ata-anası, nənə-babası tərəfindən məhz qız olaraq dünyaya gəldiyi üçün öldürülən körpələrin sayı az deyil. Təəssüflər olsun ki, bugünkü cəmiyyətimizdə dəfələrlə buna bənzər, hətta daha betər, qandonduran, insanlığa sığmayan hadisələrlə rastlaşırıq, KİV-də eşidirik, oxuyuruq. Nənə yenicə doğulmuş qız nəvəsinin körpə bədənini qıyıqla deşik-deşik edir, sonra da quyuya atıb öldürür, ata qız körpəsini boğur, ana bətnindəki körpəsini qızdır deyə abort etdirir və s…

Bu yaxınlarda BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən keçirilən seminarda iştirak etdim. Seminarda öyrəndim ki, Azərbaycan dünyaya gələn uşaqların cins nisbəti pozulan ölkələr sırasındadır. 2016-cı ilin hesablamaları göstərir ki, ölkəmizdə doğulan 100 nəfər qız uşağına 114 nəfər oğlan düşür. Bu göstərici isə artıq SOS siqnalının verilməsinin məqamının yetişdiyindən xəbər verir. Artıq BMT Əhali Fondu da proqnozlaşdırıb ki, doğulan uşaqların cins nisbəti davamlı olaraq 116 və daha artıq olarsa, 2050-ci ilə qədər hər il 12-15 mindən daha çox oğlan uşağı dünyaya gələcək.

Maraqlıdır, axı qız övladına qarşı düşmənçiliyin kökündə hansı səbəblər dayanır, biz niyə qız övladını istəmirik? Rəsmi məlumatlara nəzər saldıqda, görürük ki, ailələr oğlan övladına daha çox ailəni qoruması, nəsli, soyadı davam etdirməsi, böyüdükdən sonra ailənin maddi tələbatını qarşılaması, vəfat etdiyində valideynləri dəfn etməsi üçün üstünlük verirlər. Düşünmürlər ki, oğul övladının valideynə mütləq sahib çıxacağına heç kim zəmanət vermir. Xəbərsizdirlər ki, bu gün qocalar evlərinə kifayət sayda 5-6 oğlu olan atalar, analar pənah gətiriblər.

Nüşabə Məmmədova - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstifadəsiz, vaxtı keçmiş əşyalardan xariqələr yaradan gənc qız

Cəmiyyətimizdə qız uşağını isə daha rahat tərbiyə edildiyi, pis vərdişlərin daha az aludəçisi olduğu, ev işlərində valideynlərə kömək etdiyi üçün istəyirlər. Bir sözlə, valideynlər "öləndə üstümdə barı bir ağı deyən qızım olsun" minnəti ilə qız övladını dünyaya gətirirlər. Çox acınacaqlıdır ki, bəzi valideynlər qız övladını istəməmələrinin səbəbini zəmanənin pis olması, cinayətkarlığın, təcavüz hadisələrinin çoxalması ilə əlaqələndirirlər. Bəhanə edirlər ki, guya qızın "adı ağırdı", "qızı təmiz adla evdən çıxartmaq çətindir", "qız pis yola düşər", "bakirəliyini itirər", "kimləsə adı çıxar", "kiməsə qoşulub qaçar", "valideynin adını batırar".

Ötən il bir qadın 14 yaşlı doğma qızını bakirə olmadığını biləndə baş yaylığı ilə boğub öldürmüşdü. Ana çıxış yolunu başındakı namus, əxlaq, ismət rəmzi olan yaylığı ləkələməkdə görmüşdü. Hakimin suallarına cavab verən qadın qətli törədərkən guya özündə olmadığını demiş, ata isə arvadının hərəkətinə haqq qazandırmışdı. Hətta arvadına bu əməlinə görə "sağ ol" da demişdi. Qıza qarşı ögey münasibətin səbəbkarı, bəlkə də məhz belə "analardır". Həyatı qaraldılmış qızına sahib çıxmaqdansa, qızının Əzrayılına çevrilən "analar"…

Bugünkü cəmiyyətimizdə bir çox valideynlər düşünmək istəmirlər ki, qız övladı həm də gələcəyin anası ola bilər. Gələcək nəsil məhz qızların sayəsində artır. Əgər qadınların sayında bu formada kəskin azalma baş verərsə, cəmiyyət bunun acınacaqlı nəticələri ilə üz-üzə qalar. Ölkədə gender bərabərsizliyi, zorakılıq, erkən nikahlar, insan alveri, kriminal səviyyənin artması müşahidə olunar. Hətta daha betər xoşagəlməz halların sayı sürətlənər.

Bunun baş verməməsi üçün nə etməliyik? Əlbəttə ki, mübarizəyə başlamalıyıq. Lap elə əvvəlcə özümüzdən, ətrafımızdan, yaxınımızdan, qonşumuzdan, qohumumuzdan başlayıb, bacardığımız işləri həyata keçirməliyik. Əvvəlcə özümüz daxilimizdəki qız xofunu yenməliyik, mütləq dünyaya qız övladları gətirməliyik. Daha sonra qızlarımıza böyük dəyər verməliyik. Necə ki, dinimiz İslamda qadına böyük dəyər verilir. Biz övladımıza bu məsələdə yaxşı nümunə olmalıyıq. Necə ki, peyğəmbərimiz Məhəmməd (s.ə.s.) bizə örnəkdir. Heç bir ali təhsili olmayan, çobanlıq edən Məhəmməd peyğəmbər "qız övladını seçərdiniz, yoxsa oğlan?" sualına, "Əlbəttə ki, qız" deyərək cavab verirdisə, biz niyə qızdan qaçaq ki? Axı biz qız uşaqlarının diri-diri basdırıldığı bir dövrdə Allahın nazil etdiyi İslam dininə etiqad edirik. Ən azı inandığımız din, İslam hörmətinə qız uşaqlarını sevməliyik.

Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Azərbaycanda qandonduran ailə faciəsi

İslamda qız övladı valideyn üçün cənnətin açarı hesab olunur. Hədislərin birində deyilir ki, "Allah 3 qızı tərbiyə edən valideyni öz cənnəti ilə mükafatlandıracaq". İslam dininin müqəddəs kitabı olan "Qurani-Kərim"də də qızları, qadınları qoruyan və dəyər verən bir çox ayələr var ki, onlardan nəticə çıxarmalıyıq. Quranda deyilir: "Qadınlar Allahın yaratdığı çox mübarək və möhtərəm varlıqlardır. Allah onları dünyanın ən gözəl bəzəyi kimi yaratmışdır". Bu ayələri oxumayan, xəbəri olmayan "müsəlmanlar", qadını üçüncü sinif varlıq kimi görənlər isə artıq xurafatçıdırlar. Qızlara, qadınlara qarşı illərdir davam edən bu ögey münasibətin kökündə də xurafatçıların yanlış düşüncə tərzi durur. Dövrümüzdə dünyanın bir çox ölkəsində pis rəftara, ögey münasibətə məruz qalmış qızlar da yanlış düşüncə tərzinin nəticəsidir.

Əgər Allah "Quran"ın bir çox ayəsi ilə qadını, qadın hüquqlarını qorumağa çalışırsa, biz də cəmiyyətdə qızlara, qız övladlarına qarşı yanlış baxışı aradan qaldırmalı, qadına cəmiyyətdə dəyərli yer qazandırmalıyıq. Qızlarımızın istəklərinə qarşı çıxmayıb, hər zaman arxalarında olub, maddi və mənəvi dəstək göstərməliyik. Özlərini təsdiq etmələri üçün bacardığımız qədər imkanlar yaratmalıyıq. Hətta imkan verməliyik ki, bizdən də fərqlənsinlər, özlərini bir fərd kimi yetişdirməyi bacarsınlar. Bu dünyanın pəncərəsindən tam fərqli baxışla boylansınlar. Həyat onlar üçün yalnızca ağdan və qaradan ibarət olmasın, al-əlvan rəngləri də görməyi bacarsınlar. Lap elə yeri gələndə bizim "istəklərimizə", "tələblərimizə" qarşı da çıxsınlar. Öz fikirləri olsun və öz sözlərini deməyi bacarsınlar, şəxsiyyət olsunlar. Namus deyəndə, ancaq bakirəliklərini deyil, şərəfini, heysiyyətini, vicdanını, qürurunu düşünə bilsinlər. Onlar üçün həyat yalnız uşaq doğmaqdan, doğduğu uşaqları böyütməkdən ibarət olmasın. Zamanlarının ən ali mərtəbəsinə yüksəlməyi qarşılarına məqsəd qoysunlar, tarix yazmağa cəhd eləsinlər. Və bunu bacarsınlar, hətta bir qədər də irəliyə gedib Sinqapurun prezidenti, dünyanın isə ilk müsəlman qadın prezidenti Həlimə Yakob olsunlar.

Əminəm ki, biz qızlarımıza gərəkən dəyəri versək, onları göz bəbəyimiz kimi qorusaq, cəmiyyətdə də hər kəsin gözündə dəyərli, qiymətli, əziz olacaqlar. Ən əsası isə, onlar da eynən bizim kimi davranacaqlar, qız uşaqlarına böyük dəyər verəcəklər. Və beləliklə, cəmiyyətdə qız övladına xor baxmayan, qızı oğuldan əskik tutmayan analar və atalar ordusu formalaşacaq.

Qadının, qızın dəyərsiz, lazımsız, üçüncü sinif nümayəndəsi olaraq göstərilməməsi istiqamətində media nümayəndələrinin, KİV-lərin də üzərinə böyük yük düşür. Belə ki, bizlər təmənna güdmədən, çalışdığımız media qurumlarında mütəmadi olaraq bu barədə, yazılar, video çarxlar, fotolar və s. yayımlamalıyıq. Qızların dəyərini göstərmək üçün ölkədə fəaliyyəti, işi ilə seçilən, siyasi, iqtisadi, təhsil, səhiyyə, incəsənət və s. sahələrdə, ictimai işlərdə aktiv olan, uğur qazanmış qızlarımızı, qadınlarımızı tanıtmalıyıq. Öz zəhməti ilə özünü təsdiq etməyi bacarmış qadınlarımızın uğur hekayələrini insanlara çatdırmalıyıq. Qadının, əslində, nələrə qadir olduğunu, əzik yox, necə güclü olduğunu təbliğ etməliyik. Belə yazıların hər birindən ən azı bir ailə nəticə çıxarıb, qız övladına dəyər versə, böyük bir işin öhdəsindən gəlmiş olarıq.

Quba rayon polis şöbəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qubada 10 yaşlı qız babasının gözü önündə qaçırıldı

Yazımı beş qızı, bir oğlu bir ailə haqqında yazmaqla yekunlaşdırmağı düşünürdüm. Hansı ki, illərlə həsrətin çəkdikləri o oğulun bu gün ailəsinin başına gətirmədiyi "oyun" qalmayıb. Ancaq yazını yazdığım ərəfədə eşitdiyim bir qandonduran hadisə məni fikrimdən vaz keçirdi. Belə ki, sosial şəbəkələrdə Lerik rayonunda 13 yaşlı, 7-ci sinif şagirdi qızın hansısa məmurun qohumu tərəfindən zorlanması barədə məlumat yayılıb. Məlumata görə, təcavüzə məruz qalmış qız hazırda 4 aylıq hamilədir. Mənə baş vermiş hadisədən çox, qızın atasının saytların birinə verdiyi müsahibə pis təsir etdi. Müsahibədən aydın görünür ki, atası üçün qızının heç bir dəyəri, qiyməti yoxdur: "Mən nə desəm, qızım onu edəcək. Bizdə beşik kəsdi deyilən adət var ki, mən də qızım anadan olanda bu adəti etmişəm. Qızım həddi-buluğa çatdıqdan sonra verəcəm həmin oğlana".

Belə avam düşüncəli, türkiyəli qardaşlarımız demişkən, gerizəkalı valideynlər mövcud olduqca, cəmiyyətimizdə qız uşaqlarına dəyər qazandırmaq üçün dövlət səviyyəsində köklü islahatlar həyata keçirilməlidir. Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulması probleminin həlli üçün, qızlara dəyər qazandırmaq naminə, başda dövlət qurumları olmaqla, bütün sahələrdə, təkcə kağız üzərində deyil, əməldə də ciddi işlər görülməlidir. Qadın hüquqları, ailə planlanması və s. ilə bağlı hökumət və qeyri-hökumət təşkilatları vəziyyətin ciddiliyinə diqqəti yönəltməli və fəaliyyətlərini bu istiqamətdə qurmalıdır. Bir sözlə, hər kəs qollarını çırmayıb, bu problemin həlli uğrunda bacardığı hansısa işin qulpundan yapışmalıdır. Ki, qızlarımız Tanrının lütfkarlıqla onlara rəva gördüyü xanım-xatınlığı minnətsiz, dolğun şəkildə yaşaya bilsinlər. Doğulduqlarına, yaşadıqlarına görə atalarına, analarına deyil, Allaha şükran olsunlar!

"Bu yazı Avropa Birliyinin maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən keçirilən müsabiqəyə təqdim olunur"

Xəbər lenti
0