BAKI, 24 iyul — Sputnik. Bu gün 13: 41 radələrində metronun "Neftçilər" stansiyasında qatar bir gənci vurub. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərnişinin ehtiyatsızlığından baş verən hadisə zamanı gənc yüngül xəsarət alıb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Neftçilər" stansiyasına daxil olan qatarın güzgüsü platformada dayanan sərnişinlərdən önə keçmək istəyən gəncə dəyib: "Həmin anda sərnişin hüdud səddini keçdiyindən qatarın güzgüsü sərnişinin qoluna dəyib. Bu zaman sərnişin yerə yıxılıb, eynəyinin güzgüsü onun alnını cızıb".
"Hadisə stansiyanın girişində baş verdiyindən sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin, 1996-cıil təvəllüdlü Orxan Qurbanov təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə, hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət alan gəncin səhhətində problem yoxdur" — deyə B.Məmmədov vurğulayıb.