BAKI, 23 iyul — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Avropa İttifaqı (Aİ) ölkələrindən Rusiya ərazisinə odlu silah tədarükü üzrə tranzit xətti ifşa edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, FTX bu istiqamətdə xüsusi əməliyyat keçirib.
"Rusiya FTX, DİN və Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidməti (Rosqvardiya) tərəfindən keçirilən əməliyyat nəticəsində Avrpa İttifaqı ölkələrindən Rusiyaya odlu silah tədarükü ilə məşğul olan, Moskva, Sankt-Peterburq və Yaroslavl sakinlərdən ibarət cinayətkar qrup aşkar edilib. Onlar ələ keçirilib və planlaşdırdıqları silah tədarükünün qarşısı alınıb" — deyə FTX-nın yaydığı açıqlamada bildirilir.
Məlumatda qeyd olunur ki, saxlanılan şəxslərdən 380 ədəd yerli və xarici istehsal olan odlu silah müsadirə olunub. Onlar arasında 25 pulemyot, 30 avtomat, 70 tapança-pulemyot, 94 karabin tüfəngi, 158 ədəd tapança və revolver, həmçinin 2 ədəd tank əleyhinə mina olub.
Bundan əlavə, əməliyyat çərçivəsində odlu silahların modernləşdirilməsi və döyüş sursatlarının istehsalı üzrə iki emalatxananın da fəaliyyəti dayandırılıb.