BAKI, 23 iyul — Sputnik. Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusu yenidən nəzərdən keçiriləcək. Sputnik Azərbaycan Rusiyanın "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın yeni müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında bildirib.
"Bu, daş üzərində yonulmuş sənədlər deyil və vaxt ötdükcə problemlər yaranır. Bunlar da hüquqi və müqavilə dəyişiklikləri tələb edir. Və bu, təbii ki, ediləcək", — deyə Tonoyan qeyd edib.
Nazir Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusuna — hansı ki, 1992-ci ilin yanvarında, SSRİ-nin dağılmasından və Ermənistanın müstəqilliyini elan etməsindən sonra imzalanıb- dair sazişdə konkret hansı dəyişikliklərin ediləcəyini açıqlamayıb. Amma o vurğulayıb ki, Şirak əyalətinin Panik kəndində Rusiya hərbi qulluqçularının iştirakı ilə bu yaxınlarda baş verən hadisə bu dəyişiklikləri sürətləndirə bilər.
Qeyd edək ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri Şirak vilayətinin Panik kəndi ərazisində boş güllələrdən istifadə etməklə hərbi təlim keçiblər. Lakin baş verənlər yerli sakinləri qorxuya salıb.
Hadisə iyulun 17-də gündüz vaxtı baş verib. Kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər. "Yaxşı ki güllələr boş olub. Bütün sakinlər güllə səslərindən sonra evlərindən qaçdılar, hətta huşunu itirən uşaqlar da var" — onlar bildiriblər.
Makeyan soyadlı bir sakin isə bunları deyib: "Bizi əsəbiləşdirən odur ki, icma ərazisində təlim olacağı barədə heç kimə xəbərdarlıq etməyiblər. Əgər Ermənistandan kimsə Rusiyada icma ərazisində bircə evin yanında bunu etsəydi, faciə düzəltmişdilər. Yaxşı, başa düşdük ki, yaxınlıqda hərbi baza var. Çox sağ olsunlar ki, bizi müdafiə edirlər. Amma təlimləri kənd ərazisində keçirmək olmaz".
Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin müavini Aleksey Polyuxoviç deyib ki, baza rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.
Şirak rayonunun qubernatoru Karen Saruxanyan isə bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyiblər: "Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır".
Qeyd edək ki, Panik kəndi "Alaqyaz" poliqonunun yaxınlığında yerləşir.