Abituriyentlər təlaş içindədirlər: Dövlət İmtahan Mərkəzində nə baş verir?

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Problemin mövcud olmasını həm şifahi, həm də yazılı formada etiraf edərək problemin günorta saatlarında həll ediləcəyini bildiriblər”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində I ixtisas qrupunun memarlıq istiqaməti üzrə qabiliyyət tələb edən ixtisaslarına qeydiyyatdan keçmək olmur. Qeydiyyat isə 24 iyul saat 24:00-da bitir".

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
İmtahanın nəticələri açıqlandı: 15 nəfər 700 bal toplayıb

Bunu Bakı Mühəndislik Universitetinin Maliyyə işləri üzrə prorektoru Yavər Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O qeyd edib ki, qızı Könül Məmmədzadə builki qəbul imtahanının I qrup üçün nəzərdə tutulmuş test imtahanında iştirak edib və kifayət qədər bal toplayıb.

Ancaq memarlıq ixtisasını seçmək üçün tələb olunan ikinci mərhələdə problem yaşayır. Belə ki, abituriyent qabiliyyət imtahanını vermək üçün DİM-in saytında qeydiyyatdan keçə bilmir. Qarşılaşdıqları texniki problemə görə, ümumiyyətlə səhifədən belə, çıxa bilmir.

Y.Məmmədov bildirir ki, övladının qarşılaşdığı problemlə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) çağrı mərkəzinə və həm də DİM-in rəsmi e-mail ünvanına müraciət göndərib. Qurumdan bildiriblər ki, qarşılaşdıqları problem bu gün ərzində həll olunacaq. 

“Bununla bağlı həm çağrı mərkəzinə və həm də DİM-in rəsmi e-mail ünvanına müraciət göndərmişəm. Problemin mövcud olmasını həm şifahi, həm də yazılı formada etiraf edərək problemin günorta saatlarında həll ediləcəyini bildiriblər. Buna baxmayaraq, qeydiyyatın bitməsinə çox az zaman qaldığına görə çox narahatıq” — şikayətçi vurğulayıb.

Bildirək ki, qeydiyyat müddəti kimi 21-24 iyul tarixləri müəyyən edilib.

DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hazırda sistemdə heç bir problem müşahidə edilmir: "Abituriyentlər saytımıza daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edim ki, Memarlıq istiqaməti üzrə müsabiqə şərtləri var. Ödənişli sifarişli yerlər üçün 200 bal, dövlət sifarişli yerlər üçün 250 bal toplayan abituriyentlər I ixtisas qrupunun Memarlıq istiqaməti üzrə qeydiyyatdan keçə bilərlər".

X.Xanlarzadənin sözlərinə görə, bu sistem elektron olduğu üçün müəyyən problemlərin yaranması istisna deyil. Buna görə də kimsə problemlər qarşılaşırsa, Dövlət İmtahan Mərkəzinin çağrı mərkəzinə (1653) zəng edərək, probleminin həll edilməsi üçün müraciət edə bilər.

DİM-in çağrı mərkəzindən Spuntik Azərbaycan-ın sorğusuna cavab olaraq isə bildiriblər ki, saytda yaranmış texniki problem elə indilərdə aradan qaldırılıb. Abituriyentlər sayta daxil olub, qeydiyyatdan keçə bilərlər.

Lakin Y.Məmmədovun övladının problemi hələ də həll olunmayıb. O, bununla bağlı redaksiyamıza qaşılaşdıqları problemi əks etdirən video da göndərib.

Xəbər lenti
0