CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ateist kimi qələmə verilən Zərdabi, əslində ibadət edirmiş

© Sputnik / Leyla AbdullayevaHəsən bəy Zərdabinin ev-muzeyi
Həsən bəy Zərdabinin ev-muzeyi - Sputnik Azərbaycan
Abunə olmaq
Həsən bəyin dahi yazıçı Lev Tolstoyla yazışmasının kiçik bir hissəsi hazırda muzeydə qorunur

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. "Kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan". Həqiqətən də bu torpaq kimləri yetişdirib, kimlər gəlib, keçib bu dünyadan. Amma seçilmişlər öz adlarını tarixə yazdıra biliblər.

Belə dahi insanların ən öndə gedənlərindən biri də Həsən bəy Zərdabidir. Zərdabi imzası Azərbaycan ədəbiyyatına, mətbuatına, teatrına öz möhürünü vurub. "Əkinçi" dedikdə Zərdabi, Zərdabi dedikdə "Əkinçi" yada düşür.

© Sputnik / Leyla AbdullayevaHəsən bəy Zərdabinin ev-muzeyi
Həsən bəy Zərdabinin ev-muzeyi - Sputnik Azərbaycan
Həsən bəy Zərdabinin ev-muzeyi

Sputnik Azərbaycan olaraq qərara gəldik ki, yolumuzu Zərdabdan salaq, Həsən bəy Zərdabinin ocağını ziyarət edək. Azərbaycan üçün bu gün belə, unudulmayacaq izlər qoymuş görkəmli ziyalının, müəllimin. O ziyalını ki, Moskva Universitetini namizədlik diplomu ilə bitirmiş ilk müsəlman məzun, islam dünyasının ilk müsəlman təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi olub.

O, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi hesab edilir. Bakıda Azərbaycan dilində ilk teatr tamaşası səhnələşdirən mədəniyyət xadimi, ən əsası, Azərbaycan mətbuatının banisidir.

© Sputnik / Leyla AbdullayevaHəsən bəy Zərdabinin ev-muzeyi
Həsən bəy Zərdabinin ev-muzeyi - Sputnik Azərbaycan
Həsən bəy Zərdabinin ev-muzeyi

Zərdabi ilə bağlı ətraflı məlumat almaq üçün elə öz doğma yurdunda yerləşən xatirə muzeyinə baş çəkdik. Bizə muzeyin direktoru Vəfa Bayramova həm bələdçilik etdi, həm də geniş məlumat verdi.

O, əvvəlcə bir məsələni diqqətə çatdırmağımızı xahiş etdi: "Öncə qeyd edim ki, bura Zərdabinin ev muzeyi yox, xatirə muzeyidir. Bura gələn bütün media işçilərinə bunu bildirsək də, onlar yenə də buranı ev muzeyi kimi qeyd edirlər. Sənətkarın evinin olduğu yerdə ancaq xarabalıqlar qalıb".

"Biz çox xoşbəxt insanlarıq ki, belə dahi şəxsiyyət ilə həmyerliyik. Zərdabinin bu rayonda doğulub boya-başa çatmasından fəxr duyuruq" — deyən direktor bildirdi ki, hazırda bu muzeydə görkəmli publisistin əlyazmaları, ailəsinin, qohumlarının əşyaları saxlanılır.

V.Bayramova vurğuladı ki, muzeydə qorunan əlyazmalar olduqca qiymətlidir: "Təəssüf hissi ilə qeyd edəcəm ki, Zərdabiyə aid çox az materiallar qalıb. Bildiyiniz kimi, Zərdabinin 2 qardaşı olub: Mehralı bəy və Səfəralı bəy. Son zamanlara qədər Səfəralı bəyin nəvəsi Sara xanım bizdə işləyirdi. Demək olar ki, Sara İsayeva Zərdabinin rayonda yaşayan ən yaxın qohumudur".

Məqamı gəlmişkən qeyd edək ki, Sovet dövründə H.Zərdabinin ailəsi də repressiyalara məruz qalıb, adı ilə bağlı olan hər şey 10 illər boyu yasaqlanıb. Bu böyük maarif fədaisinin təmiz adı yalnız 1956-cı ildə sovet rejimi yumşaldıqdan sonra özünə qaytarılıb və bəraət alıb.

Direktor bu haqda Zərdabinin yaxınlarından eşitdiyi xatirələri danışdı: "Sara xanımın dediklərinə görə, bu vəziyyətdən Zərdabinin ailəsi ilə birlikdə qardaşlarının da ailəsi əziyyət çəkib. Onları da sürgün ediblər. Sara xanımın sözlərinə görə, atasının əvvəlki qadından 5 övladı olub. Onları Sibirə sürgün edən zaman uşaqlar balaca olub. Günlərin birində uşaqlardan biri donub öldüyü üçün atası onu basdırmağa gedib və ağlaya-ağlaya qayıdanda görüb ki, o biri uşaqları da donublar".

"Sara xanım danışırdı ki, bu ailənin çox acınacaqlı günləri olub. Deyirdi ki, atasıgil sürgünə gedəndə əllərindəki bütün var-dövləti qohumlara, qonşulara paylayıblar. Qayıdanda isə ayaqlarının altına salmağa balaca bir xalçaları da olmayıb" — deyə Vəfa xanım davam edir.

Zərdabi haqqında hələ tam tədqiqatlar aparılmadığını düşünən Vəfa xanım eşitdiyi başqa bir xatirəni də bizimlə bölüşdü: "Bir gün Zərdəbi ailəsinə tapşırır ki, "bəs axşama qonaqlarım olacaq, mütləq hazırlıq görün". Bu barədə qızı Qəribsoltan xanım öz xatirələrində yazır. O yazır ki, "axşam evimizə qonaqlar gəldi və atam onlarla başqa dildə danışmağa başladı. Sonradan məlum oldu ki, o qonaqlardan biri Maksim Qorki, biri isə rus müğənnisi Fyodor Şlyapindir".

© Sputnik / Leyla AbdullayevaHəsən bəy Zərdabinin ev-muzeyi
Həsən bəy Zərdabinin ev-muzeyi - Sputnik Azərbaycan
Həsən bəy Zərdabinin ev-muzeyi

Direktorun sözlərinə görə, dahi publisistin Lev Tolstoyla yazışmasının kiçik bir hissəsi hazırda bu muzeydə qorunur: "Deyilənə görə, Tolstoy müsəlmanlığı qəbul edib və bu yazışmada da bunun haradasa həqiqətə uyğun olduğu göstərilir. Onların yazışmasının tərcüməsində dini mövzuda fikir mübadilələri aparmaları məlum olub. Bəzi mənbələrdə Zərdabini ateist kimi qələmə versələr də, bu, heç vaxt həqiqətə uyğun olmayıb. O, hər zaman dinin düzgün təbliğ olunmasının tərəfdarı olub. Deyilənə görə, hətta ibadət də edib".

Onu da qeyd edək ki, dahi mütəfəkkir Zərdabinin 4 övladı — iki oğlu, iki qızı olub. Böyük qızı Pəri xanım, ikinci qızı Qəribsoltan xanım, böyük oğlu Midhət bəy və balaca oğlu Səffət bəy. Pəri xanım görkəmli siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan Topçubaşovun həyat yoldaşı olub və ondan iki övladı — Ələkbər bəy və Rəşid bəy dünyaya gəlib.

Xəbər lenti
0