BAKI, 20 iyul — Sputnik. Dünyada 40 milyon 300 min "müasir kölə" var və bunun 400 minindən çoxunun ABŞ-da yaşadığı təxmin edilir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Walk Free Foundation”un Qlobal Köləlik İndeksi Hesabatında inkişaf etmiş ölkələrdə “müasir dövr köləliyi”nin geniş yayıldığı deyilir.
Hesabatda "müasir quldarlıq" "insan alveri”, “məcburi əmək”, “borc əsirliyi”, “məcburi evlilik”, “cinsi istismar”, “uşaqların satılması” və s. adlarla tanınır.
Hesabatda deyilir ki, inkişaf etmiş ölkələrdə "müasir köləlik" daha çox inkişaf edib. Bunlar arasında ABŞ da var. Təkcə ABŞ-da 403 min "modern kölə" yaşadığı deyilir. ABŞ-da hər 800 adamdan birinin "müasir kölə" olduğu vurğulanır.
Böyük Britaniya, Fransa, Avstraliya və Avropanın digər inkişaf etmiş ölkələrində də qulların sayının getdikcə artdığı deyilir.
Hesabata görə, hər 10 nəfərdən biri məcburi işlədilən Şimali Koreyada 2 milyon 600 min kölə var. Şimali Koreyadan sonra Eriteriya, Burundi Mərkəzi Afrika Respublikası, Əfqanıstan gəlir. Hindistanda isə 2016-cı ildə 18 milyon 400 min "modern qul" olduğu, bu rəqəmin 2 il ərzində 8 milyona endiyi deyilir.