Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Artıq vətəndaşın pulu dollarla əmanətdə deyil - Manata böyük güvən

© Sputnik / Murad OrujovВклады в манатах и долларах
Вклады в манатах и долларах - Sputnik Azərbaycan
Abunə olmaq
"Xarici valyutada əmanətlərə bankların təklif etdiyi faiz dərəcəsi 1 faiz ətrafındadır, milli valyutada olan əmanətlərdə isə bu göstərici 10-15 faiz arasında dəyişir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il iyunun 1-nə 62,9% təşkil edib. Bu barədə ötən həftə Mərkəzi Bankdan məlumat verilib. Qeyd olunub ki, bu nisbət mayın 1-də 63,4% olub. Başqa sözlə, mayda əmanətlərin dollarlaşması səviyyəsi 0,5% azalıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlində 66,5%, ötən il iyunun 1-də 74,5% təşkil edib.

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

Sputnik Azərbaycan əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsinin aşağı düşməsi ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib. İqtisadçı-ekspert Rəşad Həsənov bu prosesin valyuta bazarlarında baş verənlərdən çox asılı olduğunu deyib.

"Faktiki olaraq bu gün valyuta bazarında müşahidə edilən sabitlik, bankların əmanətlər üçün təklif etdiyi faiz fərqi manatla əmanətlərin həcminin az da olsa, artmasına gətirib çıxarıb. Hazırda manatla əmanətlər ümumi əmanətlərin strukturunda 38 faiz paya malikdir. Hansı ki, bu, pik dövrlərdə — 2015, 2016-cı illərdə 20 faizədək azalmışdı" — mütəxəssis bildirib.

İqtisadçının sözlərinə görə, əmanətlərin dollarlaşma səviyyəsinin aşağı düşmə prosesini şərtləndirən əsas səbəblərdən biri 2016-cı ilin fevralında Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı qaydalara edilən dəyişiklik olub: "Dəyişiklik nəticəsində manatla əmanətlər üçün sığortalanma şərtləri daxilində maksimum faiz dərəcəsi 15 faiz, xarici valyuta ilə isə 3 faiz müəyyənləşdirilib. Bu, manatla əmanətlərin təşviqi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilərdi".

"Hazırda isə real bazarda vəziyyət daha da fərqlidir. Belə ki, artıq xarici valyutada əmanətlərə, demək olar ki, bankların təklif etdiyi faiz dərəcəsi 1 faiz ətrafındadır. Amma milli valyutada olan əmanətlərdə bu göstərici 10-15 faiz arasında dəyişir. Bu da qısa və orta müddətli dövrdə vətəndaşların manatla əmanətlər yerləşdirməkdə marağını artırır. Çünki vətəndaş hazırda sabit məzənnə rejiminin tətbiq edildiyi qənaətindədir" – o, əlavə edib.

Həsənovun qənaətincə, indiki şərtlər daxilində, yəni konyuktur da manatın məzənnəsini dəstəkləyir: "Neftin qiyməti bahalaşır, ölkənin tədiyyə balansında müəyyən qədər sabitlik var, digər tərəfdən strateji valyuta ehtiyatları artır və s. bu kimi səbəblər insanlarda psixoloji narahatlıqları zəiflədir. Onlarda belə bir qənaət formalaşır ki, qısa və orta müddətli dövrdə manatın məzənnəsi üçün risk yoxdur. Ona görə də əmanətlərin manatla yerləşdirilməsinin həcmi artır".

İqtisadçının sözlərinə görə, proses daha çox valyuta bazarında və hökumətin məzənnə siyasətində baş verə biləcək dəyişiklikdən asılı olacaq: "Hazırda ölkədə daxili risk faktorları zəifdir. Amma xarici risk faktorları var. Çünki neftin qiyməti ilə bağlı son dövrlərdə çox ziddiyyətli siyasi baxışlar var. Xüsusilə ABŞ qiymətin azaldılması istiqamətində fəal rol oynayır və Rusiya ilə Səudiyyə Ərəbistanı da davranışları ilə ABŞ-ı dəstəkləyir. Eyni zamanda Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında — Türkiyə, Rusiya və İranda milli valyutalar üçün riskli mühitin formalaşması məsələsi də müəyyən qədər gündəmdədir".

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

"Xüsusilə Türkiyə və İranda vəziyyət daha mürəkkəbdir. Rusiya sanksiyalardan sonra problemləri və çətinlikləri müəyyən qədər sabitləşdirib. Amma Türkiyə və İran ciddi nəticə əldə edə bilmir. Qeyd edilən istiqamətlərdən idxal riski hiss olunur. Buna baxmayaraq, düşünmürəm ki, orta müddətli dövrdə manatın məzənnəsi üçün ölkədə ciddi siyasi qərar və yaxud da dəyişiklik çağırışları formalaşsın. Bundan sonra da manatla əmanətlərin həcmində artımlar baş verə bilər".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov də deyib ki, hazırda banklarda dollar əmanətləri üzrə faizlər kəskin enib: "Bankların xeyli hissəsi, ümumiyyətlə, illik 1 faiz də vermir. Çünki bank o pulu cəlb edir, sonra da heç kimə verə bilmir. Yəni dollarla kredit götürmək istəyən yoxdur. Ona görə də vətəndaşlar bankdan əmanətini çıxarırlar. Yəni dollar bankdan çıxıb, vətəndaşın yastığının altına gedir".

Ekspertin qənaətincə, dollarlaşma səviyyəsinin azalması davam edəcək: "Çünki bu gün bahalı dollar ilə aşağı faizlə əmanət saxlamaq sərf etmir. Ya manata keçirlər, ya evlərində saxlayırlar, ya da xaricə çıxarırlar. Məsələn, son vaxtlar vətəndaşlar məndən soruşurlar ki, Gürcüstanın hansı bankında əmanət saxlamaq olar".

Xəbər lenti
0