Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Kommunal xidmət göstərən müəssisələr ciddi problemlə üzləşib: Bəs bu qədər yığım?

© Sputnik / Anar MustafayevКвитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива
Квитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər böhrandan çıxış yolu kimi dövlət şirkətlərinin özəlləşdirilməsini təklif edirlər

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. "Azəristiliktəchizat" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 182,288 mln. manat təşkil edib. Bu günlərdə mətbuatda qurumun maliyyə hesabatına istinadən xəbər yayılmışdı ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7% azdır. "Azəristiliktəchizat" 2017-ci ili 18,825 mln. manat xalis zərərlə başa vurub. Bununla da, qurumun ödənilməmiş zərəri 136,108 mln. manata çatıb.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Sputnik Azərbaycan-a zərərlə bağlı danışan iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, demək olar, bütün kommunal xidmətləri həyata keçirən dövlət qurumlarında zərər var: ""Azəristiliktəchizat" ASC-də, "Azərenerji" ASC-də, eləcə də son dövrlər qurumlarda zərərin həcminin artması müşahidə olunur. Məsələn, 2017-ci ildə "Azərenerji"də 2016-cı illə müqayisədə zərərin həcmi 6 dəfə artıb".

"Satışdan əldə edilən gəlirin həcmində artımın olmasına baxmayaraq, zərərin həcminin artmasını müşahidə edirik. Bu istiqamətdə islahatların genişləndirilməsinə, xüsusən də istilik, işıq, hətta, mavi qaz təklif edən, xidmətlər həyata keçirən qurumların birinci mərhələdə idarəetməyə verilməsinə, sonra da özəlləşdirilməsinə ehtiyac var. Dövlət büdcəsindən kifayət qədər böyük vəsait həmin qurumların saxlanması üçün istifadə olunur" – ekspert deyib.

Onun sözlərinə görə, bir tərəfdən zərərin həcmində artımlar qeydə alınır, digər tərəfdən təklif edilən xidmətlər üzrə keyfiyyət aşağıdır: "Yəni qurumlar zərərlə işləyir, eyni zamanda təklif etdikləri xidmətlərin keyfiyyəti də qənaətedici deyil. Son faktlar göstərir ki, həmin xidmətlərdə fasilələr yaranır və bu, nəticə etibarı ilə vətəndaşların sözügedən xidmətlərdən keyfiyyətli şəkildə istifadəsinə imkan yaratmır".

Ekspertin firkincə, əsas problem idarəetmədəki qüsurlardır: "Bu, nəticə etibarı ilə həm xidmətlərin səviyyəsinə, həm də zərərin həcminin artmasına təsir göstərir. Bu da həmin qurumlarla bağlı islahatların aparılması məsələsini bir daha gündəmə gətirir".

Bayramov təklif edib ki, bu qurumlar ilk mərhələdə idarəetməyə verilsin: "Onların, xüsusən satış hissəsinin idarəetməyə verilməsinə ehtiyac var. O cümlədən, istehsalın da mərhələli şəkildə özəl sektorun idarəetməsinə verilməsinə ehtiyac var. Daha məqsədəuyğundur ki, həmin xidmətlərin idarəetməsinə beynəlxalq şirkətlər və ya bu sahədə təcrübəsi və nüfuzu olan şirkətlər cəlb olunsun".

İqtisadçı bildirib ki, bu qurumların fəaliyyətinə ictimai nəzarət zəifdir: "İctimai nəzarətin gücləndirilməsinə ehtiyac var ki, şəffaflığın təmin olunmasını təkan versin. Özəl sektorun iştirakının təşviq edilməsinə və genişləndirilməsinə ehtiyac var. İslahatlar, idarəetmə strukturunun dəyişməsinə və mərhələli şəkildə həmin qurumların özəl sektora verilməsinə imkan yaradilmalıdır".

"Kommunal xidmətlərdə islahatların aparılması strateji yol xəritəsində də əksini tapıb. Son hadisələr, xüsusilə də audit hesabatları göstərir ki, zərərin həcmi kifayət qədər böyükdür. İslahatların sürətlənməsinə ehtiyac var" — deyə V.Bayramov vurğulayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, "Azəristiliktəchizat"ın zərərlə işləməsi məntiqsizdir: "Yəni bunu normal iqtisadi məntiqlə və idarəetmə məntiqi ilə izah etmək çox çətin olur. Çünki bazarda rəqibi olmayan şirkətin ziyanla işləməsi mümkün deyil, rəqibi yoxdur, qiymətlər tənzimlənir. Ziyanla işləyirsə, ya idarəetməsində, ya rasional xərcləmələrində problemlər var və yaxud yatırımları düzgün etməyiblər. Yəni bir çox səbəblər ola bilər. Problemlərin əksəriyyəti idarəetmədən qaynaqlanır".

N.Cəfərlinin fikrincə, çıxış yolu bu tip dövlət şirkətlərinin özəlləşdirilməsidir: ""Azəristiliktəchizat"ın özəlləşdirilməsində problem yoxdur. Çünki lokal şəbəkələrə malikdir. Bu lokal şəbəkələrin uzunmüddətli idarəetməyə verilməsi və yaxud da özəlləşdirilməsində heç bir problem yoxdur. Strateji bir məsələ də deyil ki, hər hansı təhlükəsizlik ilə bağlı problemlər yaşansın".

"Yəni dövlət şirkətləri özlərini çox rahat hiss edir. Dövlətdən dotasiya, dəstək, yatırımlar alırlar, sonda ziyanla işlədiklərini açıqlayır, vergiləri də vermirlər. Bununla da dövlət büdcəsində böyük yükə çevrilirlər. Ona görə də təbii inhisarçı dövlət şirkətlərinin hissə-hissə də olsa, özəlləşdirilməsinə, bununla bağlı işlək proqramların qəbul edilməsinə başlanılmalıdır" — ekspert vurğulayıb.

Xəbər lenti
0