BAKI, 16 iyul — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın təkbətək görüşü başa çatıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş 2 saat 10 dəqiqə çəkib.
İlkin olaraq prezidentlərin tet-a-tet görüşünün 1,5 saat davam edəcəyi gözlənilirdi.
ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə təkbətək görüşü dəyərləndirərkən bildirib: "Bu, yaxşı başlanğıc idi". Qeyd edək ki, bu ifadə prezidentlərin təkbətək görüşü ilə bağlı söylənilən yeganə sözdür. Başqa heç bir təfərrüat açıqlanmır.
Hazırda isə qrafikə əsasən, liderlərin geniş tərkibli görüşü keçirilir. Protokola əsasən, geniş tərkibdə danışıqlar 1 saat 45 dəqiqə çəkməlidir.
Qeyd edək ki, bu, Vladimir Putin və Donald Tramp ilk dəfə təkbətək görüşüdür.
Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə etdiyi bildirilir.
Helsinkini görüş yeri kimi Finlandiya prezidenti Sauli Niinisto təklif edib. Bundan əvvəl mümkün görüş yeri kimi Vyana və Brüsselin adları çəkilirdi. Lakin sonda həm ABŞ, həm də Rusiya üçün çox "rahat" məkan seçilib. Tramp Finlandiya paytaxtına NATO-nun Brüsseldəki görüşündən, Putin isə futbol üzrə dünya çempionatının bağlanış mərasimindən sonra gedir.
Xatırladaq ki, dünya siyasətində genişmiqyaslı dəyişikliklərə yol açmış Mixail Qorbaçovla Corc Buş arasında ilk görüş də 1990-cı ildə də Helsinkidə baş tutub.