Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 16 iyul — Sputnik. Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə bir neçə dəyişiklik edilib. Nisbətən yüksək sürət rejimi (80 km/saat və artıq) olan yolları qaydalardan kənar yerlərdə keçən piyadalar üçün nəzərdə tutulmuş cərimənin məbləği artırılıb. Əvvəl bu qayda pozuntusuna görə 20 manat məbləğində cərimələnən piyadalar, qanun layihəsi prezident tərəfindən imzalandıqdan sonra 40 manat ödəməli olacaqlar.
Sputnik Azərbaycan qanunvericiliyə edilmiş bu dəyişikliyin nə dərəcədə səmərəli olacağını araşdırıb. Yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Milli Məclisin sonuncu iclasında "Yol hərəkəti haqqında" Qanuna edilmiş dəyişiklik tək magistral yollara deyil, bəzi şəhərdaxili yollara da aid ediləcək.
"Çünki Bakının bəzi mərkəzi küçələrində də sürət həddi 80 km/saat olan yerlər var. Məsələn, Ziya Bünyadov prospekti, Yusif Səfərov küçəsi və s. Sürücülər bu küçələrlə yanaşı, Heydər Əliyev prospektində, Nobel prospektində piyadaların qəfil yola çıxması halları ilə üzləşirlər" — müsahibimiz vurğulayıb.
Muradlı düşünür ki, cərimələrin belə artırılması piyada vurulmasının qarşısının alınması üçün atılan addımdır: "İki il öncə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürət tələb edən yollarda, xüsusilə dəmir beton yolayrıcılarının üzərindən keçən piyadaların inzibati qaydada həbs olunmasını təklif etmişdi. Sonrakı müzakirələr göstərdi ki, qanunsuz yolu keçənlər arasında uşaqlar, yeniyetmələr, yaşlı qadınlar və digər yaş qrupuna aid olan şəxslər var".
"Daha sonra təklif olundu ki, həmin şəxslər 100 manat cərimə olunsun. Görünür, Milli Məclis əhalinin sosial durumunu nəzərə alaraq bu cəriməni 40 manat edib. Çox güman ki, bunu Yol Patrul Xidməti həyata keçirəcək. Hələ prezident fərmanı təsdiq etməyib. Prezident təsdiq edəndən sonra qanun qüvvəyə minəcək və piyadaların 40 manat cərimə olunmasına start veriləcək" – ekspert əlavə edib.
Ekspertin fikrincə, Qanunda bir qədər qaranlıq məqamlar da var: "Məsələn, piyada sürət həddi çox olan yolun qanunla qadağan olunmuş hissəsindən keçdi və maşın onu vurdu. Nəticədə piyada öldüyü üçün artıq ona cərimə yazılmayacaq. Bu zaman sual yaranır ki, o piyadanı vuran sürücünü nə gözləyəcək? Bu sual açıq qalıb. Kaş ki, belə qaranlıq məqamlara da aydınlıq gətiriləydi".
"Avtostop" verilişinin aparıcısı, yol-nəqliyyat eksperti Tural Yusifovun qənaətincə isə, cərimələrin məbləğini qaldırmaqla problemi həll etmək olmaz: "Problemin kökü insanların qayda-qanundan xəbərsiz olmasındadır. Cəriməni artırmaqdansa, Dövlət Yol Polisi maarifləndirmə işləri aparmalıdır. Əks halda cəriməni 40 yox, 80 manat eləsələr də, fərq etməyəcək".
"İnsanlar polisi görəndə qorxudan qayda pozmayacaqlar, polis olmayanda qayda pozmağa davam edəcəklər. İndi hər yerə polis qoya bilmərik, axı. Bir daha deyirəm, cəmiyyəti maarifləndirmək lazımdır, cərimə etmək yox" — Yusifov vurğulayıb.