BAKI, 14 iyul — Sputnik. Hindistanın Ali Məhkəməsinin hakimləri hökumət dairələrin laqeydliyinə cavab olaraq Tac-Mahal kompleksinin sökülməsinə dair qərar çıxaracaqları ilə hədələyiblər.
Sputnik Azərbaycan “The Sydney Morning Herald”a istinadla xəbər verir ki, məhkəmə mavzoleyin inşa olunduğu ağ mərmərə vurulan ziyanın bərpasının artıq mümkün olmayacağını bildirib.
Qeyd olunub ki, məqbərənin bu hala gəlməsində ölkənin və Uttar-Pradeş ştatının hakim dairələri cavabdehlik daşıyır.
“Ya biz Tac-Mahalı bağlayırıq, ya da siz onu bərpa edirsiniz”, — hakimlərin hökumətə göndərdikləri bəyanatda deyilir.
Öz növbəsində hökumət bildirib ki, problemin həlli Hindistan Texniki Universitetinə həvalə olunub. Müvafiq hesabatın hazırlanmasına isə 4 ay vaxt lazım olacaq.
Tac-Mahal dünyanın yeddi möcüzəsindən biridir. Hər il bu tarixi-mədəni abidəni 200 min nəfərdən çox turist ziyarət edir. 1983-cü ildə Tac-Mahal YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına daxil edilib.
Təbrizdən gətirilən türk memarlarının yaratdığı bu tikili dünyanın ən gözəl, ən möhtəşəm türbəsi sayılır.