BAKI, 14 iyul — Sputnik. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda təşkilati məsələyə baxılıb.
KP MK-nın 1-ci katibi Vəli Axundovun istefası qəbul olunub. Plenum yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Heydər Əliyevi Azərbaycan KP MK-nın 1-ci katibi seçib. Bu, Azərbaycanın yeni tarixində güclü lider və rəhbər kimi yer tutacaq, Azərbaycanın inkişafı naminə saysız xidmətlər göstərəcək şəxsiyyətin hakimiyyətə və böyük siyasətə gəlişi idi.
Heydər Əliyev 34 il böyük siyasət səhnəsində olub. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edib, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində yer alıb. 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdaraq 10 il Azərbaycana rəhbərlik edib.