BAKI, 13 iyul — Sputnik. Gəncə hadisələrinin xaricdən idarə edildiyi öz təsdiqini bir daha tapıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin bu gün yaydıqları məlumatda iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçılarının müəyyənləşdirildiyi, 11 nəfərin həbs olunduğu, Rəşad Böyükkişiyevin isə məhv edildiyi bildirilir.
İstintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb. Həmçinin cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib.
Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.