BAKI, 11 iyul — Sputnik. Suriya və Ukraynadakı vəziyyət Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Helsinkidə baş tutacaq görüşün əsas müzakirə mövzusu olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
O, vurğulayıb ki, "ABŞ ruslar, suriyalılar və iranlıları Suriya üzrə siyasi razılaşmalara əməl etməyə məcbur etmək üçün bütün tərəflərlə işləyir".
Dövlət katibinin sözlərinə görə, Suriya üzrə danışıqlar suriyalıların ümidlərinə cavab verən, zorakılığa sonlandıracaq və sayı milyonlarla olan qaçqına öz evlərinə qayıtma imkan verəcək yeni Konstitusiyanın hazırlanması və münaqişənin siyasi yolla həlli ilə nəticələnməlidir: "Vaşinqtonun səyi siyasi həll yolunun olmasına istiqamətlənib".
O, həmçinin əlavə edib ki, İran qüvvələri və İranmeylli hərbi birləşmələr Suriyanı tərk etməlidir. Çünki onların Suriyada qalması üçün bir əsas yoxdur.
Qeyd edək ki, Rusiya-Amerika sammiti iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Bu görüşdə Vladimir Putin və Donald Tramp ilk dəfə təkbətək görüş keçirəcəklər. Danışıqlarda Rusiya və ABŞ prezidentləri iki ölkə arasında münasibətlərin perspektivləri və aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.