BAKI, 9 iyul — Sputnik. İyulun 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində ASAN Xidmət könüllülərinin iştirakı ilə yazıçı Natiq Məmmədlinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş "Əmanət" pyesinin premyerası olub. Sputnik Azərbaycan xəbər verir ki, rejissor Anar Babalının quruluş verdiyi tamaşada bütün rolları ASAN Könüllüləri Gənclər Təşkilatının üzvləri oynayıblar.
Cümhuriyyətimizin 100 illiyinə ithaf olunmuş "Əmanət" iki hissəli dram Azərbaycan maarifçilərinin klassik irsinə və çoxsaylı tarixi faktlara, arxiv sənədlərinə istinad olunmaqla yazılıb. Pyesdə baş rolda yer alan Mirzə obrazı Azərbaycanın maarifçi ziyalılarının, habelə Cümhuriyyət qurucularının prototipi kimi çıxış edir. Ona qarşı dayanan Sərçə, Qartal, general Tomson və digərləri isə Azərbaycanın istiqlalını istəməyən qüvvələrin ümumiləşmiş tipləridir.
Əsərdə bədii ümumiləşdirmə və simvolizmdən istifadə edilməklə Cümhuriyyətə gedən yol, Azərbaycanın müstəqilliyi ideyasının meydana gəlməsi, Cümhuriyyətin dövlət quruculuğu prosesi və onun süqutunu şərtləndirən amillər bədii təhlil obyektinə çevrilərək, kəskin dramatik konflikt fonunda təqdim olunur.
ASAN Könüllülərinin iştirakı ilə oynanılan pyes tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2017-ci il 16 may tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanıb. Dövlət başçısı 2018-ci ili "Cümhuriyyət İli" elan edib.