BAKI, 5 iyul — Sputnik. Bakıda həbsdə olan ərinin ziyarətinə gedən qadın həbsxanaya narkotik maddə keçirməyə cəhd edərkən yaxalanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AR Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət məlumat yayıb.
İnsident 5 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısını alıblar.
Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 93.1.2 (cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər) və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilov Elmir Kamil oğlunun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Salyan rayon sakini Xəlilova Gülnarə Məhərrəm qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman saçında xüsusi üsulla gizlətdiyi sellofan bükülüdə 2,113 qram tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.