BAKI, 4 iyul — Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edirlər.
Bunu "Report"a paytaxt sakinləri bildiriblər.
Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalanacaqlar: "Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək".
Həmçinin Ağayev bildirib ki, günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə olunur.
"Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir.
Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik", — deyə o bildirib.