BAKI, 4 iyul — Sputnik. "Günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir. Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir".
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib. "Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik" — deyə qurumdan bildirilib.
Qeyd edək ki, dünən ikinci dəfə ölkə üzrə elektrik enerjisinin verilişində problem yaranıb. Saatlarla paytaxt və bəzi rayonlara işıq olmayıb. Bununla bağlı dünən axşam saatlarından indiyədək Bakı metrosu fəaliyyətini dayandırıb.