BAKI, 3 iyul — Sputnik. "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza nəticələri hələlik tamamilə aradan qaldırılmayıb. Lakin buna baxmayaraq Bakıya 100%, regionlara isə 80% elektrik enerjisinin verilişi bərpa olunub.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. O, həmçinin qeyd edib ki, hazırda Gürcüstan və Rusiya arasında elektrik enerjisi mübadiləsi davam edir: "Ölkələrimiz arasında ADA rejimində elektrik mübadiləsi həyata keçirilir. Bu rejimdə ölkələr bir-birilərinə qəza rejimində elektrik enerjisi mübadiləsi həyata keçirir".
"Biz ötən gün Gürcüstandan aldığımız enerji hesabına Qazax, Ağstafa, Şəmkir və Gəncənin enerji təminatını ödədik. Bu prosesin bir neçə gün davam edəcəyi gözlənilir" — deyə Babanlı bildirib.
Babanlının sözlərinə görə, İES-də saat 12:00-a kimi qəzanın tam olaraq aradan qaldırılması nəzərdə tutulub.
"Azərenerji", həmçinin sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olmuş Şimal və Şirvan DRES-lərinin fəaliyyət göstərməməsi kimi iddialara da münasibət bildirib: "Sistem vahid halda işləyir. Ötən gün baş verən qəza nəticəsində elektrik enerjisinin paylama mexanizmi də iflic olub. Nəticədə belə bir xoşagəlməz hal baş verib".
Xatırladaq ki, ötən gecə 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Rəsmi məlumata görə, bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub.
Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam verib.