BAKI, 2 iyul — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, təbrik mətnində deyilir:
Hörmətli Aleksandr Qriqoriyeviç,
Belarusun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu gün dost Belarus müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi yolunda uğurla irəliləyir. Ölkənin ardıcıl sosial-iqtisadi inkişafı seçilmiş yolun məqsədyönlü olmasının əməli təsdiqidir.
İki ölkənin qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirmək, dost xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığı dərinləşdirmək səylərini əks etdirən Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.
Hörmətli Aleksandr Qriqoriyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzulayıram.