BAKI, 30 iyun — Sputnik. "Əlilliyin qiymətləndirilməsi meyarlarına təkrar baxacağıq".
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O, bildirib ki, xarici ölkələrdə əlillərin qiymətləndirilməsi zamanı qruplar üzrə deyil, məhz əmək qabiliyyətinin, özünə qulluq etmə dərəcəsinin faiz dərəcəsi üzrə olan meyarlardan geniş istifadə olunur: "Düşünürük ki, bu mütərəqqi praktikanı Azərbaycana gətirməklə əlilliyi olan şəxslərin məhz qeyd etdiyim seqmentdən qiymətləndirilməsinə nail olacağıq".
Nazirin sözlərinə görə, bu praktika növbəti iki-üç il ərzində reallaşa bilər: "Bunu qarşımıza çox uzaq hədəf olaraq deyil, orta müddətli hədəfimiz kimi qoyuruq. Bu gün qanunvericilik qaydasında yeni qanunlarımız, qanunlara dəyişikliklərimiz qəbul olunub. Bəzi meyarlar yeni dəyişikliklərdə öz əksini tapır".
S.Babayev qeyd edib ki, nazirlik işini təkmilləşdirərək nəinki təyinat alan yeni əlillər, eyni zamanda reabilitasiya olunaraq sağalmış və əlilliyi olmayan şəxs kimi qiymətləndirilən böyük kateqoriya insan yaradacaq: "Bu, dövlətin qazancı olacaq. Həmin əmək qabiliyyətli şəxslər də artıq əmək bazarına geri qayıdaraq dövlətə, millətə, öz ailələrinə geniş fayda verə biləcəklər".