BAKI, 28 iyun — Sputnik. Türkiyə FETÖ terror təşkilatının üzv olan hərbçilərə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Sputnik Azərbaycan "Hurriyet"ə istinadən xəbər verir ki, Batman məhkəməsi 57 yüksək rütbəli hərbçi barədə qərar çıxarıb.
Məlumata əsasən 28 vilayətdə başladılan əməliyyatlar nəticəsində 1 polkovnik-leytenant, 3 mayor, 1 kapitan, 8 baş-leytenant, 1 leytenant, 32 zabit və 11 çavuş saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, təkcə ötən ay FETÖ araşdırmaları çərçivəsində hərbçilərə qarşı bir neçə əməliyyat keçirilib. Ümumilikdə bu əməliyyatlar zamanı 505 hərbçi həbs edilib. Belə ki, mayın 15-də Türkiyədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbçilərinə qarşı da əməliyyat keçirilib. Məlumata əsasən, Baş Prokurorluq FETÖ ilə əlaqəsi təsbit olunan HDQ-nin 34 hərbçisi haqqında həbs qərarı çıxarıb. Onlardan 31-i yüksək rütbəli hərbçidir.
Mayın 11-də də Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən FETÖ şəbəkəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib. Əməliyyat İstanbul Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qərarı əsasında baş tutub. Həmin prosesdə ümumilikdə 300 hərbçi saxlanılıb. Onlardan 211-i yüksək vəzifəli zabitdir. Saxlanılan 300 hərbçidən 150-si haqqında məhkəmənin hökmü ilə həbs qərarı verilib.