BAKI, 28 iyun — Sputnik. Futbol üzrə XXI dünya çempionatında bu gün qrup mərhələsinin oyunları başa çatacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, ilk olaraq Bakı vaxtı ilə saat 18.00-da H qrupunun təmsilçiləri meydançaya çıxacaqlar. Volqoqrad şəhərində Yaponiya və Polşa, Samarada isə Seneqal və Kolumbiya üz-üzə gələcəklər.
Bu qrupda iki turdan sonra Seneqal və Yaponiya hərəyə 4 xal toplayıblar. Kolumbiyanın 3, Polşanın isə 0 xalı var.
Saat 22.00-da G qrupunun görüşləri başlayacaq. Kalininqrad şəhərində baş tutacaq oyunda İngiltərə və Belçika, Saranskdakı görüşdə Tunis və Panama rastlaşacaqlar.
İki turdan sonra İngiltərə və Belçika hərəyə 6 xal toplayaraq 1/8 finala çıxışı təmin ediblər. Tunis və Panama xal toplamayıblar.