CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yetkili şəxs "pambıq fəlakəti" barədə yeni məlumatlar açıqladı, ortada ciddi müəmma var

CC0 / mlcombs / CottonХлопковое поле
Хлопковое поле - Sputnik Azərbaycan
Abunə olmaq
"Mayın 28-də sahəyə preparat vurulub, zəhərlənmə hadisəsi isə iyunun 16-17-də baş verib, halbuki dərman 1 gündən sonra parçalanır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə hadisələri gündəmin əsas mövzusuna çevrilib. Artıq hüquq-mühafizə orqanları və aidiyyatı qurumlar mövzu ilə bağlı araşdırmalara başlayıb.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yeni təyin olunmuş rəisi Ələddin Eyvazov pambıq sahələrində çalışan işçilərin kimyəvi maddədən zəhərləndiyi rayonlara səfər edib, vəziyyətlə yerindəcə tanış olub. Qurum rəsmisinin Sputnik Azərbaycan-a baş vermiş zəhərlənmə halları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

"İmişli, Saatlı, Bərdə, Tərtər rayonlarında pambıq sahələrində zəhərlənməni araşdırmaq məqsədilə səfərlər təşkil edilib. Ərazilərdən götürülən bitki və torpaq nümunələri Respublika Sanitariya və Epidemiologiya Mərkəzinə verilib. Məsələ ilə bağlı hazırda istintaq davam edir. Və aidiyyatı qurumlar istintaqa cəlb edilib. Yaxın günlərdə istintaq nəticələri ictimaiyyətə bəyan ediləcək" — rəis bildirib.

Ə.Eyvazovun sözlərinə görə, pambıq sahələrində alaq otlarına qarşı herbisid maddəsi istifadə olunub: "Preparat Türkiyənin "Hektaş" firması tərəfindən istehsal edilib, formula-super adlanır. Həmin şirkətin nümayəndəsi Azərbaycana dəvət edilib. Həmin nümayəndə və azərbaycanlı ekspertlərlə bərabər preparatdan nümunələr götürülüb, aidiyyatı laboratoriyalarda müayinə edilib. Preparatın tərkibində heç bir yayındırıcı maddələrdən istifadə edilmədiyi müəyyən olunub".

Xidmət rəisi açıqlamasında qeyd edib ki, istintaqın nəticəsi bütün məsələlərə aydınlıq gətirəcək: "Bilirsiniz ki, Bərdə rayonunda zəhərlənmə hadisəsi ilə bağlı xəstəxananın həkimi baş verən hadisəni günvurma ilə əlaqələndirdi. Digər hadisələrdə də qaranlıq məqamlar vardı. Məsələn, mayın 28-də sahəyə preparat vurulub. Zəhərlənmə hadisəsi isə iyunun 16-17-də baş verib. Halbuki dərmanın üzərində 1 gündən sonra parçalandığı qeyd olunub. Yəni bir gündən sonra bütün molekullar parçalanır, zəhərlənmə baş vermir".

Qeyd edək ki, ölkəyə preparatların idxalı, satışı və istifadəsinə Dövlət Fitosanitar Nəzarəti Xidməti nəzarət edir. Qurum rəsmisi bu barədə də danışıb: "Bizim Dövlət Fitosanitar Nəzarəti Xidməti olaraq funksiyamız, torpaq mülkiyyətçiləri, fermerlərin bilgilərini artırılması məqsədilə maarifləndirmə tədbirlərinin aparılması olub. Bu tədbirlərin aparılması istiqamətində müxtəlif adda və sayda təlimatlar çap edilib. Bu proses illər boyu davam edib. Bu gün daha gücləndirilmiş rejimdə işləyirik. Fermerlərə bukletlər, braşuralar təqdim edilir".

Pambıq tarlası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yevlaxda pambıq sahəsində növbəti olay: "Ağ qızıl" yenə zəhərə çevrildi

Eyvazovun sözlərinə görə, istifadə olunan preparatların istifadə müddətinin keçməsi ilə bağlı səslənəndirilən iddialar reallığı əks etdirmir: "Həmin preparat 3-4 ildir ki, Azərbaycanda pambıq sahələrində istifadə edilib və bu günə qədər heç bir problem yaşanmayıb. Hazırda preparatın tətbiqinin dayandırılması ilə bağlı müvəqqəti göstəriş verilib, yəni hələ ki, istifadə olunmur".

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, iyulun 1-dən etibarən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarət gücləndiriləcək. Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, 1 iyul 2018-ci il tarixindən idxal-ixrac əməliyyatları sahəsində, o cümlədən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalında yeni nəzarət mexanizmləri tətbiq olunacaq.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketlənmiş pestisidlər və bioloji preparatların idxalına icazə veriləcək.

Xatırladaq ki, iyun ayı ərzində bir neçə rayonda pambıq tarlalarında kütləvi zəhərlənmələr baş verib. Faktlarla bağlı cinayət işi açılıb, saxlanılanlar var.

Xəbər lenti
0