BAKI, 28 iyun — Sputnik. Mədəniyyət Nazirliyinin (MN) Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib. Sputnik Azərbaycan Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev MN-in Aparat rəhbəri təyin olunub.
Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov təyin olunub. Aslan Cəfərov isə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, MN Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.